İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması qaydası dəyişir
İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması qaydası dəyişir.
Şəffaflıq.az xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən ediləcək.
Qüvvədə olan qanuna əsasən, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsi (Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri) ilə müəyyən edilir.
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanunda işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyinatı ilə bağlı müddəalar da öz əksini tapıb (17.1-ci maddə). Hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.
Təklif olunan dəyişiklik sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləğinin Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabat məlumatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən edilməsini nəzərdə tutur. Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatların avtomatlaşdırılmış qaydada əldə olunması təmin olunur, nəticədə sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.
Facebook-da paylaş