İşğaldan azad edilmiş ərazilərlə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb


 

"Möhtərəm cənab Prezident. Sizin 2020-ci il 24 noyabr tarixli Sərəncamınızla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır".

Şəffaflıq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, Əlaqələndirmə Qərargahı dərhal işə başlayıb: "Gündəlik məsələlərin həll edilməsi ilə yanaşı, ortamüddətli planlaşdırma işlərinə də başlanılmışdır. İlk növbədə, qərargahın üzvləri toplaşaraq aidiyyəti üzrə bütün məsələlərin mərkəzləşdirilməsi məqsədilə müzakirələr aparmışlar.

 Eyni zamanda, işin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz yaradılmışdır.


Həmçinin bu mərkəzin nəzdində işçi qrupları yaradılmışdır. Möhtərəm cənab Prezident, qeyd etdiyiniz bütün istiqamətlər üzrə 16 işçi qrupu yaradılmışdır. İlk növbədə, əlbəttə ki, minalardan və partlamamış sursatlardan təmizləmə məsələləri ilə bağlı çox ciddi müzakirələr aparılmış və artıq müəyyən planlar tərtib olunmuşdur. Həmçinin sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə işçi qrupları yaradılmışdır. Ən əsas da şəhərsalma planlaşdırılması, bu çərçivədə tarixi abidələrin qorunması və bərpası məsələlərinə də ciddi yanaşmalar təklif olunur. Eyni zamanda, infrastruktur məsələləri və enerji təminatı üzrə işlər aparılır".

"Qeyd etmək istəyirəm ki, bu gün qərargahın nəzdində fəaliyyət göstərən işçi qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi iştirak edir.

Son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunmuş qərarlarla yanaşı, Strateji Fəaliyyət Planının hazırlanması istiqamətində işlər aparılmışdır. Artıq bu fəaliyyət planı hazırdır. Həmin planın əsasında tədbirlər planı da hazırlanmışdır və bütün aidiyyəti qurumlarla razılaşdırılmışdır. Əlbəttə ki, bütün işçi qruplarının arasında birmənalı olaraq əlaqələr qurulmuşdur. Bütün istiqamətlər üzrə daimi olaraq gündəlik əsasda fikir mübadiləsi aparılır, bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir.

 
Şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılmışdır. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir. Bir sıra şəhərlərin yerləşdirilməsi və onların planlaşdırılması ilə bağlı işlərə başlanılmışdır. Bununla yanaşı, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulmuş, danışıqlara başlanılmışdır. Yerli mütəxəssislərin cəlb olunması təmin edilmişdir", - o vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}