Növbəti sərəncam gecikəcək - Novruzda ƏFV OLMAYACAQ
Komissiyadan Metbuat.az-a verilən məlumata görə, fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkiləri sərəncamın yubanmasına səbəb olub.
Həmçinin buna qədər həm də Əfv Məsələləri Komissiyasının sədrilə bağlı Prezident tərəfindən sərəncamın veriləcəyi, üzvlərin yeni siyahısının təsdiqlənəcəyi qeyd edilib.
Bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Əfv Məsələri Komissiyasının sədri təyin olunur. Xatırladaq ki, Prezident İlham Əliyevin 1 noyabr 2019-cu il sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyanın rəhbəri təyin edilib.
Bütün bunlardan sonra isə əfv sərəncamının may ayınadək ertələnəcəyi bildirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.
Facebook-da paylaş