Prezidentin son 1ildə gördüyü işlər: FOTO/VİDEO

 

Prezidentin son 1 ildə gördüyü işlər:

11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Şəffaflıq.az İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrini davam etdirir.
Növbəti yazı 2019-cu ilin fevral ayını əhatə edir.
VACİB İCLASLAR
Fevralın 25-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.


İclasda çıxış edən dövlət başçısı bildirib ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq. O deyib ki, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir.
Bundan başqa, İlham Əliyev sosial müavinətlərin də çox əhəmiyyətli dərəcədə artacağını və problemli kreditlərlə bağlı məsələnin yaxın gələcəkdə öz həllini tapacağını diqqətə çatdırıb.
O əlavə edib ki, bu il məcburi köçkünlərlə bağlı çox geniş inşaat proqramları icra ediləcək və 800 mənzil alınıb şəhid ailələrinə veriləcək.
Bununla yanaşı, İlham Əliyev qeyd edib ki, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir.
SOSİAL SƏRƏNCAMLAR
Prezident İlham Əliyevin son bir illik fəaliyyəti ciddi sosial islahatlar və sərəncamlarla yadda qalıb. Bunların ən vacibləri fevral ayına təsadüf edir.
Belə ki, fevralın 8-də prezidentin sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği martın 1-dən 180 manat müəyyən edilib.
Bundan başqa, prezident ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident təqaüdü 185 manatdan 210 manata qədər artırılıb.
İlham Əliyevin digər sərəncamı ilə doktorantlara, tələbələrə, AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğlərini artırılıb.
Bunlarla yanaşı, prezident Əfqanıstan müharibəsində həlak olan və itkin düşmüş hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdünün, eləcə də, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin artırılması ilə bağlı müvafiq sərəncamlar imzalayıb.
Dövlət başçısı fevralın 25-də əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair sərəncam imzalayıb.
Prezident İlham Əliyev fevralın 28-də fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərman imzalayıb.
Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi sənəddə göstərilmiş qaydada qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.
ZƏLZƏLƏDƏN ƏZİYYƏT ÇƏKƏN SAKİNLƏRLƏ GÖRÜŞ
Fevralın 7-də İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub. Dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.

Həmin gün prezident Şamaxı, İsmayıllı və Ağsuda təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirlərinə dair sərəncam imzalayıb.
Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.
BÜDCƏDƏN AYRILAN PULLAR
2019-cu ilin fevral ayında prezident İlham Əliyev yol, məktəb tikintisinə, quruculuq və abadlaşdırma işlərinə 190,715 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb.
Belə ki, prezidentin sərəncamlarına uyğun olaraq,
- Aqrar Universitetin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına 14 milyon 245 min manat,
- Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılmasına 10 milyon 933 min 900 manat,
- Gəncə, Sumqayıt, Şəki, Şirvan və Qazaxda, ümumilikdə, 379 binanın dam örtüyünün təmirinə 21 milyon 685 min 830 manat,
- Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə 40 milyon manat,
- Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün yeni çoxmənzilli binanın tikintisinə 3,7 milyon manat,
- İsmayıllı rayonunda yol tikintisinə 3,8 milyon manat,
- 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmirinə ilkin olaraq 5 milyon manat,
- Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,6 milyon manat,
- Goranboyda yol tikintisinə 21,3 milyon manat,
- Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər üçün 21 milyon manat,
- Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat,
- Beyləqanın Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisinə 2 milyon manat,
- Tovuzda yol tikintisinə 3,3 milyon manat,
- Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat,
- Sumqayıtda abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə 3 milyon manat,
- İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün 2 milyon manat,
- Ağdamda yol tikintisinə 2,3 milyon manat,
- Xızıda yol tikintisinə 850 min manat,
- Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.
VƏSAİT AYRILMIŞ SAHƏLƏRDƏ İŞLƏR NECƏDİR?
Prezidentin sərəncamlarının icrasına uyğun olaraq, hazırda Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisi aparılır.
VACİB GÖRÜŞLƏR VƏ TƏDBİRLƏR
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib. O, tədbirdə çıxışı zamanı deyib ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb.
Toplantıda iştirak edən İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir.


 “Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq, görərik ki, tədricən məqsədimizə çatmışıq. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib. Həmçinin, enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq”.
Fevralın 27-də Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib. Həmin gün İlham Əliyevlə Salome Zurabişvilinin təkbətək və geniştərkibli görüşləri keçirilib. Görüşdən sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

 KADR İSLAHATLARI VƏ DƏYİŞİKLİKLƏR
Prezident İlham Əliyev son 11 ayda bir sıra kadr dəyişiklikləri və islahatları həyata keçirib. Bunların bir qismi 2019-cu ilin fevral ayına təsadüf edir.
Belə ki, prezidentin sərəncamlarına uyğun olaraq, Elşən Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Rəvan Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilib, Fərid Şəfiyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə, Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.
YENİ QURUMLARIN YARADILMASI
İlham Əliyevin fevralın 6-da imzaladığı fərmana əsasən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb. Məqsəd xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaqdır.
Prezidenti İlham Əliyevin fevralın 8-i imzaladığı digər fərmanla Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılıb.
BAKIDA ÜMUMXALQ YÜRÜŞÜ
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak ediblər.


Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
Ümumilikdə, yürüşdə əlli beş mindən çox insan iştirak edib.
REGİONLARA SƏFƏR
Fevralın 13-də İlham Əliyev Beyləqan rayonuna səfər edib. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, “Beyləqan-1” yarımstansiyasının açılışlarında iştirak edib və Beyləqan rayonu ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı fevralın 18-də Sumqayıta səfər edib. Səfər zamanı İlham Əliyev “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Mərasimdə çıxış edən prezident deyib ki, “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir.

https://youtu.be/xrD5j3YwNnc
O əlavə edib ki, bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur.
Daha sonra dövlət başçısı Sumqayıtın dənizkənarı bulvarında şəhər sakinləri ilə görüşüb.
ŞİRİNOV QARDAŞLARI İLƏ BAĞLI SƏRƏNCAM
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər.

 Dövlət başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif edib.
Xatırladaq ki, Şirinov qardaşları yanvarın 19-da qəhrəmanlıq göstərərək, Ukraynanın Zayçevski kəndi yaxınlığında yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}