OPEC: 2021-ci ildə neftə tələbat artacaq
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci ildə bu növ yanacağa olan tələbatın sutkalıq 5,9 milyon barel artaraq 95,9 milyon barelə çatacağını gözləyir.
Şəffaflıq.az TASS-a istinadən məlumat verir ki, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Monitorinq Komitəsinin bazar günü keçirilən iclasından sonra bildirib.
Onun sözlərinə görə, OPEC+ ölkələrinin 2020-ci ilin 3 dekabr tarixli qərarı ilə yaxın aylarda tədricən bazara 2 milyon barel neftin qaytarılması imkanı verir. Eyni zamanda saziş iştirakçıları olan ölkələr hər an bazar vəziyyətindən asılı olaraq bu planı tənzimləməyə hazırdırlar.
O qeyd edib ki, koronavirus üçün peyvəndlərin hazırlanması dünya iqtisadiyyatının böyüməsinə və neft bazarının artımına böyük ümidlər bəsləyir: “Biz ümid edirik ki, bu il neftə tələbat azalmadan artıma keçəcək və gündəlik 95,9 milyon bareli keçəcək ki, bu da 2020-ci ilə nisbətən gündəlik 5,9 milyon barel çoxdur".
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da OPEC+ ölkələrinin nazirləri fevral ayı üçün hasilat səviyyələrinə qərar vermək üçün növbəti onlayn görüşə toplanacaqlar. Dekabrın 3-də keçirilən daha öncəki iclasda neft hasilatını ayda gündəlik 0,5 milyon bareldən çox olmayan şəkildə tədricən artırmaqla bağlı razılığa gəliblər. Bundan əvvəl isə OPEC+ Monitorinq Komitəsi Nazirlərinin görüşü keçiriləcək ki, burada da iştirakçılar noyabr sazişinin icra səviyyəsini müzakirə edəcək və üzv ölkələrə fevral ayı üçün hasilatla bağlı tövsiyələr verə bilərlər.
Facebook-da paylaş