Ombudsman Aparatının əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Aparatın əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisəyə baş çəkiblər.
Ombudsman Aparatından verilən məlumata görə, tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, Ombudsman Səbinə Əliyevanın qarşıdan gələn bayramlar münasibətilə təbrikləri çatdırılıb, onlara bayram sovqatı təqdim olunub.
Müəssisədə uşaqlarla maarifləndirici söhbət aparılıb və konfidensial görüş keçirilib, onların müraciətləri qəbul edilib.
Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində isə körpəsi olan məhkumlar üçün nəzərdə tutulmuş korpusa baxış keçirilib, burada saxlanma şəraiti və rəftarla bağlı məsələlər araşdırılıb. Burada saxlanılan şəxslərlə Milli Preventiv Mexanizm çərçivəsində məhkumların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət barədə söhbət aparılıb, onlara hüquqları, Ombudsmanın səlahiyyətləri izah edilib. Yekunda körpəsi olan məhkum analara Ombudsmanın təbrikləri çatdırılıb, onlara sovqat, şirniyyat və bayram hədiyyələri təqdim edilib.
Başçəkmələrin yekununda hər iki müəssisənin rəhbərliyi ilə məhkumların hüquqlarının təmin edilməsi sahəsində milli və beynəlxalq normalar barədə söhbət aparılıb.
Şəffaflıq.az
Facebook-da paylaş