Meksikada keçirilən beynəlxalq festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
Meksikanın paytaxtı Mexiko şəhərində “XI Dost ölkələrin mədəniyyət festivalı” (Feria İnternacional de las Culturas Amigas) keçirilib. 2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko rəsmilərinin təşkilatçılığı ilə keçirilən bu festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir.
Qeyd edək ki, ölkəmizin də təmsil olunduğu bu festivalda hər il 5 milyonadək ziyarətçi iştirak edir.
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, hər il may ayında keçirilən sözügedən festival bu il COVİD-19 pandemiyası ilə əlaqədar dekabr ayında virtual formatda keçirilir. Bu məqsədlə, Mexiko şəhəri Hökuməti tərəfindən xüsusi olaraq yaradılmış www.ficavirtual2020.cdmx.gob.mx internet səhifəsində 60-a yaxın ölkə, o cümlədən Azərbaycan təmsil olunur (festivalda Azərbaycana aid səhifə -http://www.ficavirtual2020.cdmx.gob.mx/AZERBAIYAN.html). Qeyd olunan internet səhifəsi dekabr ayından başlayaraq 5 ay müddətində fəaliyyət göstərəcək və mütəmadi olaraq yenilənəcək.
Virtual formatda keçirilən bu festivalda Azərbaycanın mədəni-tarixi abidələri, təbiət mənzərələri, milli geyimlər, kəlağayı, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən dolma, paxlava, qutab kimi milli mətbəx nümunələri və onların hazırlanma qaydaları, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı barədə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfir Məmməd Talıbovun müsahibəsi təqdim olunub. Həmçinin sayt istifadəçilərinə ölkəmizin turistik guşələrinə dair müxtəlif videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, virtual festivalın internet səhifəsini dünyanın müxtəlif ölkələrindən milyonlarla istifadəçinin ziyarət etməsi gözlənilir.
Facebook-da paylaş