Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növü - Üçbarmaq qağayı aşkar edilib.

Naxçıvan Muxtar Respublikasında Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində -Araz SES-ə yaxın ərazidə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növü - Üçbarmaq qağayı aşkar edilib.
Azərbaycan Milli Elmlər Akademiyasından Şəffaflıq.az-a verilən məlumata görə, Üçbarmaq qağayı Cüllütkimilər dəstəsinin Qağayılar fəsiləsinə mənsubdur. Ədəbiyyat məlumatlarına əsasən, faunamızın yeni sakininin həyatı açıq su hövzələri ilə bağlıdır və Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur. 2018-ci ildə ilk dəfə Azərbaycanda Beşbarmaq Dövlət Təbiət qoruğunda müşahidə edilib. Ortaboylu quş olub, digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır. Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, ovunu suya baş vuraraq əldə edir.
Yeni aşkarlanmış Üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin muxtar respublika şəraitində izlənilməsi nəzərdə tutulub.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}