“YAŞAT” fondunun adından istifadə edərək yardımları ələ keçirmək istəyən şəxs saxlanıldı.- FOTO/VİDEO
Bu barədə Şəffaflıq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
DİN-in əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hüquqazidd əməlləri törədən Füzuli rayonunda qeydiyyatda olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Xəlil Quliyev tutulub.Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxs əvvəlcə “Instagram” sosial şəbəkəsində “YAŞAT” fondunun rəsmi hesabına oxşar özünə məxsus səhifə yaradıb. Fondun rəsmi səhifəsi ilə saxlanılan şəxsin yaratdığı saxta profil yalnız bir hərflə fərqlənir. Məqsədli şəkildə oxşar adla yaradılan səhifədə X.Quliyevin əsas niyyəti yardım etmək istəyən insanlarda çaşqınlıq yaratmaq və bu yolla pul vəsaitləri əldə etmək olub.
Saxlanılan şəxs həmin səhifədə şəxsi kart hesablarını yerləşdirib şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayıb.
X.Quliyevin əməlinə hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə ayıq-sayıq davransınlar və insanları aldadaraq mənfəət əldə etməyə çalışan səhifələrdən uzaq olsunlar", - Mətbuat Xidmətindən bildirilib.
Facebook-da paylaş