Dünyada koronavirusa yoluxanlarla bağlı son durum - Rusiya ilk dördlükdə

 

Hələ də vaksini tapılmayan koronavirus (Covid-19) dünyada can almaqda davam edir. Bəzi ölkələrdə bu virusa yoluxmanın ikinci dalğası yaşanır. Bu baxımdan koronavirusa yoluxma sayını göstərən cədvəllərdə ölkələr tez-tez yer dəyişirlər.

Son saatlarda yoluxma sayına görə şimal qonşumuz olan Rusiya dünyada dördüncü sıraya qədər gəlib. Əlbəttə ki, yoluxanların sayının müəyyənləşməsində keçirilən testlərin, müayinələrin də rolu var ki, Rusiya bu testlərin sayına görə dünyada ABŞ-dan sonra ikincidir (5 milyon 636 min 763 test Rusiya, 9 milyon 665 min 944 test Amerikada keçirilib).

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 4 milyon 238 min 822 nəfərdir. Ölənlərin ümumi sayı isə 286 min 226-a çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 520 min 199 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 432 min 397 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 47 min 13 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Lakin bu say, əvvəlki günlərlə müqayisədə iki dəfə aşağıdır. Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 380 min 177 nəfər koronavirusa yoluxub. Son saatlarda 12 min 539 nəfər yoluxma, 627 nəfər isə ölüm halı qeydə alınıb.

Növbəti sırada yer alan İspaniyada bu gün 3 min 480 nəfər yoluxub, 123 nəfər ölüb. İspaniya dünya üzrə yoluxanların sayına görə ikinci olsa da, Avropada birincidir. Bu ölkədə yoluxma sayı ötən həftə ilə müqayisədə bir qədər artıb. Üçüncü sıraya isə İngiltərə yüksəlib. İngiltərədə son saatlada 3 min 877 nəfər yoluxub, 210 nəfər ölüb. Son saatlarda yoluxma sayına görə İtaliyanı geridə qoyan Rusiyada bu gün 11 min 656 nəfər yoluxub, 94 nəfər isə ölüb. Rusiyada ötən həftədən etibarən yoluxma sayı artan xəttə keçib. İtaliyada bir neçə saat ərzində 744 nəfər yoluxub, 179 nəfər ölüb. İtaliyada bu göstərici ötən həftələrdən dəfələrlə aşağıdır.

Növbəti sırada yer alan Fransada son saatlarda cəmi 453 nəfər yoluxub, 263 nəfər isə ölüb. Bu say da ötən həftələrlə müqayisədə aşağıdır. Almaniyada isə 416 nəfər yoluxub, 42 nəfər isə ölüb. Almaniyada hər gün yoluxan və ölənlərin sayı fərqli olur. Ya artım, ya da enmə müşahidə edilir. 8-ci yerdə olan Brazilyada 811 nəfər yoluxub, 84 nəfər ölüb. Türkiyədə isə 1114 nəfər yoluxub, 55 nəfər isə ölüb. Qardaş ölkədə də yoluxma sayı ötən həftə ilə müqayisədə aşağıdır. Siyahıda 10-cu olan digər qonşumuz İranda isə bu gün 1683 nəfər yoluxub, 45 nəfər isə ölüb. İranda yoluxma sayı demək olar ki, hər gün eyni olur.
Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkəsiyahıda 11 -ci sıraya qədər enib. Bu gün Çində 17 nəfər yoluxub, ölən isə yoxdur. Bu say əvvəlki günlərlə müqayisədə yüksəkdir. Ötən günlərdə Çində 2-3 nəfər gündəlik yoluxma qeydə alınırdı. Bu gün bir qədər artım olsa da, ümumilikdə Çində koronavirusa yoluxanların sayı, Amerikada bu virusdan indiyə qədər ölənlərin sayına demək olar ki, bərabərdir. Belə ki, bu zamana qədər Çində 82 min 918 nəfər koronavirusa yoluxub. ABŞ-da isə bu zamana qədər 81 min 414 nəfər koronavirusdan dünyasını dəyişib...

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}