Avstraliya İsrailə qarşı sanksiyaları genişləndirib
Avstraliya İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələrinin genişləndirilməsi prosesində iştirak edən üç İsrail vətəndaşına və dörd təşkilata qarşı sanksiyalar tətbiq edib. Bu barədə Şəffaflıq.az Avstraliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Qurumun məlumatına görə, sanksiya tətbiq edilmiş şəxslər və təşkilatlar yeni yaşayış məntəqələrinin planlaşdırılmasında, əlaqələndirilməsində və yaradılmasında iştirak edib, o cümlədən vəsait toplanması və könüllülərin cəlb olunması ilə məşğul olublar. "Bu tədbirlər o deməkdir ki, avstraliyalılara və Avstraliya şirkətlərinə Qərb sahilində yaşayış məskənlərinin genişləndirilməsində iştirakına görə məsuliyyətə cəlb edilmiş üç şəxs və dörd təşkilatla ticarət etmək, habelə onlara maliyyə və ya digər dəstək göstərmək qadağandır", - Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib. Yeni tədbirlər Avstraliyanın daha əvvəl yüksək vəzifəli İsrail nazirlərinə qarşı tətbiq etdiyi sanksiyaları tamamlayır. P.Vonqun sözlərinə görə, məhdudiyyətlər beynəlxalq tərəfdaşlarla razılaşdırılıb. Sanksiya rejiminin pozulmasına görə fiziki şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə və 910 min dollara qədər və ya müvafiq əməliyyatın dəyərini üç dəfə üstələyən məbləğdə cərimə gözləyir.
Facebook-da paylaş








