Bakı Enerji Həftəsində 45 ölkədən şirkət iştirak edəcək
Bakı Enerji Həftəsində bu il 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək. Şəffaflıq.az xəbər verir ki, bunu "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə Bakı Enerji Həftəsi və "TransLogistika Caspian" sərgisində həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, builki proqram çərçivəsində enerji təhlükəsizliyi, "yaşıl enerji", neft-qaz layihələri, bərpa olunan enerji mənbələri, regional əməkdaşlıq və investisiya imkanları əsas müzakirə mövzuları olacaq. "Bakı Enerji Forumu ilk dəfə olaraq iyunun 1-də Bakı Ekspo Mərkəzində açılacaq. Forumun növbəti sessiyaları isə Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbir çərçivəsində panel müzakirələri, təqdimatlar, inkişaf sessiyaları və müxtəlif sənədlərin imzalanma mərasimləri də təşkil olunacaq. Bununla yanaşı, həmin tarixlərdə "TransLogistica" sərgisi də keçiriləcək və burada regionun nəqliyyat-logistika sahəsində aktual məsələləri müzakirə olunacaq".
Facebook-da paylaş








