Mərakeşdə iqlimə davamlı yaşayış məhəllələri üzrə pilot layihə icra olunacaq
Mərakeşdə iqlimə davamlı yaşayış məhəllələri üzrə pilot layihə hazırlanır. Şəffaflıq.az xəbər verir ki, bunu Mərakeşin Milli Ərazi Planlaşdırılması, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirliyinin Peşəkarlarla Əlaqələr Bölməsinin rəhbəri İlyas Essabai Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası" tədbirində bildirib. Onun sözlərinə görə, bu layihə adaptasiya planı çərçivəsində hazırlanır: "Layihə Mərakeşin pilot regionunda yaşayış məhəllələrinin iqlim dəyişikliyinə qarşı dözümlülüyünün gücləndirilməsinə istiqamətlənib. Layihəyə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat Morocco) ilə tərəfdaşlıq çərçivəsində Nazirliyimiz rəhbərlik edir və onu Adaptasiya Fondu dəstəkləyir. Konsept sənədinin təsdiqindən sonra, biz hazırda layihənin icrası və komponentləri haqqında daha ətraflı məlumatları müəyyənləşdirməyi hədəfləyən layihə sənədi (ProDoc) hazırlanması ilə məşğuluq. Bu perspektiv daxilində, həssas məhəllələrin müəyyən edilməsi üçün ilkin işlər müvafiq bələdiyyələrlə sıx koordinasiyada artıq həyata keçirilib. Və bu iş, həmin məhəllələri seçmək üçün bir neçə kriteriyaya əsaslanan strukturlaşdırılmış metodologiyaya söykənir". "Beləliklə, bu pilot layihə çərçivəsində, şərti yanaşmalardan kənara çıxaraq, təbiətə əsaslanan həlləri ərazi dözümlülüyü üçün əsas, əsas səviyyə kimi inteqrasiya etməyi hədəfləyirik. Yəni, düşündüyümüz bu həllərə yaşıllaşdırma tədbirləri, yağış bağları, bitki örtüklü arxlar (kanallar), yaşıl damlar kimi təbii yağış sularının idarə edilməsi sistemləri, suların tutulması və süzülməsi (infiltrasiyası) həlləri, eləcə də torpaqların sabitləşdirilməsini və uyğunlaşdırılmış plantasiyalar vasitəsilə sürüşmə risklərinin azaldılmasını nəzərdə tutan digər bəzi müdaxilələr daxildir. Bu yanaşmalar çoxsaylı faydalar təklif edir. Onlar daşqın risklərinin axıntısını azaltmağa, yağış suyunun süzülməsini yaxşılaşdırmağa, torpaq eroziyasını məhdudlaşdırmağa və yerli icmaların ekstremal iqlim hadisələrinə qarşı dözümlülüyünü gücləndirməyə kömək edə bilər. Onlar, həmçinin uzunmüddətli perspektivdə iqlim dəyişikliyinin yaratdığı zərərlərlə bağlı xərcləri azaltmağa kömək edir".
Facebook-da paylaş








