Azərbaycan vətəndaşı Monteneqroda tikinti sektorunda istismar edilib
2025-ci ildə bir nəfər Azərbaycan vətəndaşının Monteneqroda tikinti sektorunda istismar edildiyi aşkarlanıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb. Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb. Hesabatda, həmçinin vurğulanıb ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən Azərbaycanda tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1 047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb. Nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92 min 200 manat məbləğdə inzibati cərimə tətbiq edilib. Vurğulanıb ki, Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6 min manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı 1 fakta görə 3 min 300 manat məbləğdə inzibati cərimə tətbiq edib.
Facebook-da paylaş








