Ceyhun Səfərova yeni vəzifə verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Ceyhun Səfərova yeni vəzifə verilib.
C.Səfərovun sözlərinə görə, bundan sonra o, “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışacaq.
Xatırladaq ki, C.Səfərov "Azəriqaz"dan əvvəl uzun illər ATV kanalında fəaliyyət göstərib.
"Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.
İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi şanlı Qələbədən sonra işğaldan azad olunan ərazilərdə geniş tikinti-quruculuq işlərinə başlanılıb. Belə ki, hava və yol nəqliyyatı infrastrukturunun qurulmasında nəzərdə tutulan layihələrin icrasında “Azvirt”'ə də Azərbaycan dövləti böyük etimad göstərib. Hazırda şirkət Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının layihələndirmə və tikintisi işlərini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Zəfər yolu”, “Əhmədbəyli-Füzuli-Şuşa”, “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd”, “Kəlbəcər-Laçın” avtomobil yollarının bir hissəsi, eləcə də “Füzuli-Hadrud”, “Qoşasu-Daşlı”, “Qoşasu-Pircahan” avtomobli yollarının tikintisini həyata keçirir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}