İsmayıllıdan olan şəhidin cənnətdəki ilk ad günü qeyd olunub.-FOTO

 Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı rayon Ağbulaq kənd sakini tank komandiri Yusifov Ramil Mürşüd oğlunun doğum günü kənd qəbristanlığındakı məzarı yanında anılıb.
Şəffaflıq.az xəbər verir ki,Rayon icra hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin, Gənclər və İdman idarəsinin əməkdaşları, şəhidin yaxınları, kənd sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər. Şəhidin ailə üzvlərinə başsağlığı verilib, ruhuna dualar oxunub. Ağbulaq və Qoşakənd kənd məktəbinin şagirdləri şəhid Ramilə həsr etdikləri şeirləri səsləndiriblər.
Yaşasaydı Ramilin 43 yaşı olacaqdı. O, 1978-ci ildə İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. 43 illik ömrünün 24 ilinin Azərbaycan ordusuna həsr edib. Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Dövlət tərəfindən şəhidin ailəsi Bakı şəhərində mənzillə təmin olunmuşdur. Ailəli olan şəhidimizin Vətənə əmanət iki oğul övladı qalıb.

Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}