“Belə getsə məktəblərdə dərslər dayandırılacaq” – “Qabaqlayıcı tədbirlər yox həddindədir...”


 

Sentyabrın 21-ə olan məlumata görə dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Təhsil Nazirliyinin məlumatına görə, həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyiblər. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma hallarının baş verməsi gözlənilən idi.

"Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq", - deyə ekspert qeyd edib.

K.Əsədov Bakı şəhərində 30 dan çox məktəbin qarşısında monitorinq apardığını deyib və müşahidələrini bölüşüb. O, bildirib ki, valideynlərin məktəbə buraxılmaması problemin həlli yolu deyil. Daha sonra ekspert tövsiyələrini açıqlayıb:

"Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir;

Məktəbin qarşısında valideynlərin sıxlığı yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar;

Bilirəm, bu bir az çətin olacaq, amma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddətlik məhdudiyyət qoyulmalıdır".

Kamran Əsədovun sözlərinə görə, mövcud vəziyyət davam etsə, 2 həftə sonra tədris prosesi yenidən dayanacaq.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev isə bildirib ki, məktəblərdə uşaqların maskadan istifadəsinə nəzarət etmək çox vacibdir. Onun sözlərinə görə, yaşından asılı olmayaraq hər bir məktəblinin maska taxması gözəl olardı: “Bilirsiniz ki, məktəblər də qapalı məkandır və belə yerlərdə xəstəliyin yayılma riski qat-qat çoxdur. Camaat 12 yaşında gedib kəşflər edir. ÜST tövsiyə edirsə, maskanı taxmaq vacibdir. 

Uşaqların bu vərdişlərə yiyələnməsi üçün lazımi tədbirlər də görülməlidir. Valideynlər, müəllimlər bu sahədə işləməlidir. Bu gün şahidi oluram ki, bəzi marketlərdə nə işçilər, nə də müştərilər maskalardan istifadə etmir. Təəssüf ki, onlara irad bildirdikdən sonra qaydalara riayət etməyə başladılar”.

C.İsayev məktəblərdə kütləvi yoluxma hallarının baş verə biləcəyi ilə bağlı məqama da aydınlıq gətirib: “Bunu proqnozlaşdırmaq çətindir. 

Düzdür, qapalı məkanlar olduğu üçün risk var. Amma bu, insanların qaydalara, tövsiyələrə əməl etməsindən asılıdır. Doğrudur, məktəbdə dərs saatlarında maskada oturmaq çətindir, amma bütün hallarda qaydalara əməl edilməlidir”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}