Ukraynada İŞİD liderlərindən biri saxlanıldı - Foto
Ukraynanın paytaxtı Kiyevdə Təhlükəsizlik Xidmətinin əməkdaşları İnterpol xətti ilə beynəlxalq axtarışda olan İŞİD liderlərindən birini yaxalayıb.
Şəffaflıq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, cinayətkarın postsovet ölkələrindən birindən gəldiyi və İŞİD rəhbərliyinin üzvü olduğu bildirilir.
Saxlanılan şəxsin bir vaxtlar 2016-cı ildə Atatürk Beynəlxalq Hava Limanında terror hücumu təşkil etməkdə şübhəli bilinən çeçen radikal islamçı Əhməd Çatayevin köməkçisi olduğu təsbit edilib.
Saxlanılan şəxs Suriya və İraqda döyüş əməliyyatlarında iştirak edib, silahlıların seçilməsi və təlimləri ilə məşğul olub, terror hücumları təşkil edib.
“2018-ci ildə terrorçu saxta sənədlə qanunsuz olaraq Ukraynaya keçib. O, Orta Asiya ölkələrindən gələnlərdən ibarət cinayətkar qruplaşma yaradıb, bu müddət ərzində xaricdəki İŞİD təşkilatlarını koordinasiya etməyə davam edib”, - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Hazırda terrorçunu 40 sutkalıq həbs gözləyir. Ekstradisiya yoxlama proseduru başlayıb.
Onun, həmçinin, beynəlxalq cinayətkarlıqda və Ukrayna ərazisində terror aktlarının hazırlanmasında mümkün iştirakı araşdırılır.
Facebook-da paylaş