Buğurd qalasında arxeoloji tədqiqat işləri aparılır.
Şirvanşahların sonuncu iqamətgahı olan Buğurd qalasında arxeoloji tədqiqat işləri aparılır. 2020-ci ilin avqust ayında t.ü.f.d. Akif Quliyevin rəhbərliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası Qala dərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı, əfsanəvi Buğurd qalasında arxeoloji tədqiqat işlərinə başlamışdır.
Qeyd edək ki, buna qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası Gülüstan qalasında arxeoloji tədqiqat işləri həyata keçirmiş və əldə edilmiş arxeoloji materiallar əsasında Gülüstan qalasının və ümumilik də, Şirvanşahlar dövlətinin tarixi ilə bağlı mühüm nəticələr əldə etmişdir. Vurqulayaq ki, Buğurd qalasının təqdidi ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlamışdır. Qeyd edildiyi kimi, bu il AMEA Arxeoloyiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası 50 illik fasilədən sonra Buğurd qalasında arxeoloji tədqiqat işlərini bərpa etmişdir. Buğurd qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji mövqeyinə görə əlverişli mövqeyə malik qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleyibuğurd kəndləri yerləşir. Qalaya gedən əsas yollar qala dərəsi kəndindən keçir. Buğurd qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də, mövcuddur. Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur.
Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək. Arxeoloq A.A.Quliyevin fikrincə bu adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-konalizasiya sistemi mövcud olmuş, relyefə uyğun çoxsaylı yaşayış binalar, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olmuşdur.
Qala divarları iri qaya və çay daşlarından inşa edilmişdir. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınmışdır. Qala divarlarının üzəri kümbəzvari formada hörülmüşdir. Bu da düşmənin mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi.
Qalanın ümumi sahəsi 17 ha-dır. Təqribi hesablamalara görə qala şəhərdə 30 minə yaxın əhali yaşamışdır. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində yerləşirdi. Binalar yonulmuş qaya və çay daşlarından, bişmiş kərpiclərdən inşa edilmişdir. Pilləvari relyefə uyğun olaraq, bir-birinə paralel küçələrdə inşa edilmiş evlərin kiçik həyətyanı sahələri də mövcud olmuşdur. Buğurd qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılmış, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülmüşdir. Bununla da min illik Şirvanşahlar dövlətinin varlığına son qoyulmuşdur.
Şəffaflıq.az
Facebook-da paylaş