Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçiriləcək.
Şəffaflıq.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç "Estadio da Luş" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. PSJ-nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib.
PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.
5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaq.
Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975/1976 mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib.
23 avqust
Çempionlar Liqası, final
23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
"Estadio da Luş" stadionu.
Facebook-da paylaş