TƏHSİL VƏ ELM NAZİRLİYİ YARADILACAQMI? – Millət vəkili təklif edir
Etibar ƏLİYEV,
Milli Məclisin üzvü, təhsil eksperti
Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır.
Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.
Böyük ispan filosofi Xose Orteqa-i-Qasset “Universitetin missiyası” kitabında yazır:“Universitet mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamamlıdır.”
Göründüyü kimi, elm və təhsilin vəhdəti mütəfəkkirlərin diqqətindən yayınmamışdır. Və ideya ölkələrinə fayda gətirmişdir.
Almaniyada təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və elmi tədqiqatların Federal nazirliyi.
Rusiyada: Elm və ali təhsil nazirliyi;
Qazaxstanda: Təhsil və elm nazirliyi;
Ukraynada: Təhsil və elm nazirliyi;
Moldovada: Təhsil, mədəniyyət və tədqiqatlar nazirliyi;
Gürcüstanda: Təhsil və elm nazirliyi;
Latviyada: Təhsil və elm nazirliyi;
Azərbaycanda: Təhsil nazirliyi.
Orta təhsil və elm: Ölkədə artıq olimpiada hərəkatı yaranıb. Fənn olimpiada mərkəzləri yaradılıb. Olimpiada elm yarışmasıdır. Uğurlar, əlbəttə ki, uşaqlarda elmi bacarıqların inkişafından keçir. Yalnız tədqiqatçı müəllimlər uşaqları olimpiadalara səmərəli hazırlaya bilərlər. Olimpiada hazırlığı aparacaq müəllimlər üçün gerçək və faydalı elmi seminarlar təşkil edilməli, universitetlər məktəblilər üçün öz olimpiadalarını gerçəkləşdirməlidirlər.
2018- ci ildə Kimya üzrə Beynəlxalq Olimpiadada qızıl medal qazanmış Ruslan Kotlyarovun istəyi: “İstəyirəm ki, bütün müəllimlərimiz azı magistratura pilləsini bitirmiş olsunlar.” Demək olimpiada qalibi müəllimlərinin elmi hazırlığına daha çox üstünlük verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir:“Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir:
1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması;
2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak”.
Dünyada tədqiqat universitetlərinin geniş vüsət alması göstərdi ki, insan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir.
Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat - professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.
Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.
Ölkə başçısının sərəncamı ilə Təhsil Nazirliyinin nəzdində “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin yaradılması olduqca mühüm hadisədir. Bu qurum təhsil müəssisələrinin dürüst akkreditasiyasının aparılmasında tezliklə öz sözünü deməlidir.
Keyfiyyətli təhsil keyfiyyətli tədqiqatın açarı olmalıdır.
Elm və Təhsil Nazirliyi yaradılarsa, Ali Attestasiya Komissiyasının da bu qurumun nəzdində İdarə, yaxud Agentlik formasında fəaliyyət göstərməsi ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsinin səmərəliliyini artıra bilər.
Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.
Elm və Təhsil Nazirliyi təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin yaradılmasına dəstəkçi ola bilər. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür. Bütün bunlar ölkədə “Təhsil və Elm Nazirliyi”nin yaradılmasını zərurətə çevirir.
Şəffaflıq.az
Facebook-da paylaş