Türkiyədə yeni avtomobil zavodu tikilir
Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda “TOGG” avtomobil zavodunun təməlqoyma mərasimi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, ilk avtomobili 2022-ci ildə istifadəyə verəcək zavod, 2030-cu ilin sonunadək 5 fərqli modellə ümumilikdə 1 milyon ədəd minik maşını istifadəyə verməyi planlaşdırır.
Təməlqoyma mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni avtomobil zavodunun inşasına xeyir-dua verərək bildirib ki, Türkiyənin istehsal sənayesində nailiyyətlər davam edəcək. Bunun üçün əzm, cəsarət və mücadilə tələb olunur. Təməli qoyulan zavodda orta hesabla 4 min vətəndaş işləyəcək. Dövlət başçısı əminliklə deyib: “Türkiyə avtomobilinin səsi sadəcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərindən gələcək”.
Sənaye və Texnologiyalar naziri Mustafa Varank TOGG (Türkiyə Otomobili Girişim Grubu Sanayi) Anonim Şirkəti tərəfindən qurulan zavodun texniki imkanlarından bəhs edib.
Qeyd olunub ki, zavod ən müasir texnologiyalarla təchiz ediləcək. Yerli istehsal rəqabətədavamlı olmaqla daxili bazarın qorunmasını və davamlı olaraq yeni iş yerlərinin açılması kimi mühüm şərtlərə cavab verəcək.
Facebook-da paylaş