Əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında problem yoxdur
“Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir. Xüsusi karantin rejimi dövründə bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib”.
Şəffaflıq.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, bu günədək əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında xüsusi bir problem qeydə alınmayıb:
“Hazırda əsas diqqət taxıl biçininin yekunlaşmasına yönəlib, ölkə üzrə bir milyon hektardan artıq taxıl sahəsində məhsul yığımı aparılmaqdadır.
Taxıl biçinində bu günlərdə ümumiyyətlə 1700-dən artıq kombayn iştirak edib və nazirlik tərəfindən biçinə 700-ə yaxın kombayn cəlb olunub.
Hazırkı dövrə qədər 860 min hektardan çox sahədə taxıl biçini aparılıb, sahələrdən bu günədək ilkin olaraq 2,7 milyon tondan artıq məhsul toplanılıb. Bugünkü günə taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5 sentner təşkil edir. Müvafiq olaraq buğda üzrə orta məhsuldarlıq 32,3 sentner, arpa üzrə isə 30,1 sentnerdir.
Bu il havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı xüsusilə bir sıra Aran rayonlarında yüz min hektar ərazidə taxılın becərilməsində problemlər yaradıb. Ancaq buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bəzi rayonlarda, məsələn Bərdədə 44,1 sentner, Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda 40,1 sentner orta məhsuldarlıq əldə edilib. Bir sıra özəl təsərrüfatlarda, o cümlədən nazirliyin pilot təsərrüfatlarında məhsuldarlıq 60 sentnerədək olmuşdur”.
Nazir qeyd edib ki, hesabat dövründə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam edib: “2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib.
Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib, pambıq sahələrində 100 faiz bitiş alınıb. Pambıq əkinlərinin gübrə, dərman preparatları və texnika təminatı ilə bağlı tədbirlər həyata keçirilib. Burada da məhsuldarlığa təsir edə biləcək əsas risklərdən biri quraqlıqla bağlıdır”.
Facebook-da paylaş