Avropa Məhkəməsi Avropa Birliyinin “Apple”ə qarşı qərarını ləğv etdi
ABŞ-ın Apple şirkəti Avropa Birliyi ilə vergi mübahisəsi üzrə məhkəmə çəkişməsinin ilk mərhələsində qalib gəlib.
Məhkəmə Avropa Birliyinin 2016-cı ildə qəbul etdiyi şirkətin İrlandiyaya 13 milyard avro vergi ödəməsi barədə qərarını ləğv edib.
Avropa Birliyinin qərarı 2003-2014-cü illər ərzində Apple İrlandiyada iqtisadi imtiyazların verilməsini əsas gətirməklə 13 milyard avronun geri ödənməsi barədə qərar qəbul etmişdi. Məhkəmə isə şirkə təhər hansı iqtisadi imtiyaz verildiyinə dair sübut əldə olunmadığını bəyan edib.
Qeyd edək ki, Avropa Məhkəməsi bu qərarı ilə Avropa Birliyinin Google, Apple, Amazon, Facebook kimi ABŞ nəhənglərinə qarşı fəaliyyətlərinin önünə ciddi sədd çəkmiş oldu. Avropa dövlətləri hesab edirlər ki, bu şirkətlər onların ərazisində reklamlardan milyardlarla dollar qazandıqları halda vergini ABŞ və ya güzəştli hüquqi rejimləri olan ərazilərdə ödəməklə onlara ciddi zərər vururlar. Bu zərərin həcmi ildə 250 milyard avro həcmində hesablanır.
BBC-nin yazdığına görə, artıq on ilə yaxındır Avropa Birliyi bütün üzv ölkələr üçün bu şirkətlərə yönəlik vahid vergi müəyyənləşdirməyə çalışsa da, buna nail ola bilmir. Eyni zamanda Birliklə ABŞ arasında bu məsələ ilə bağlı ciddi gərginlik yaşanmaqdadır. Avropa Birliyi pandemiyanın vurduğu zərərləri kompensasiya etmək, iqtisadiyyatı böhrandan çıxarmaq üçün maliyyə vəsaitlərinə kəskin ehtiyac duyur. Buna görə də ABŞ-la məsələ ilə bağlı danışıqlar başladılmışdı, lakin iyunda Vaşinqton prosesdən çıxdığını elan etdi. ABŞ maliyyə naziri Stiven Mnuçin danışıqlarda heç bir nəticənin əldə olunmasının mümkün olmadığını açıqladı. Eyni zamanda ABŞ bəyan etdi ki, Avropa Birliyi şirkətlərə qarşı vergi tətbiq etsə, onlar da Avropa məhsulları və şirkətlərinə qarşı eyni addımı atacaqlar.
Şəffaflıq.az
Facebook-da paylaş