Alimlər çoxillik mübahisəyə son qoymaq istəyirlər - Dinozavrlar niyə yox olub?

 

66 milyon il əvvəl dinozavrların kökünün qəfil kəsilməsi səbəbi paleontoloqlar arasında mübahisə mövzusu olaraq qalmaqda davam edir. Buna Yerə asteroid düşməsi səbəb olub, yoxsa çoxsaylı və dəhşətli vulkan püskürmələri?

Bir qrup alim bu suala konkret cavab verməyin mümkün olduğunu düşünür.

“Səbəb asteroiddir” – Yerin o dövrdəki iqlimini araşdıran mütəxəssislər qrupunun rəhbəri professor Paul Willson belə deyir.

Onlar dünya okeanının müxtəlif yerlərindən götürülmüş nümunələrin kimyəvi analizindən sonra bu qənaətə gəliblər ki, o dövrdə Hindistan ərazisindəki nəhəng vulkanların püskürməsi canlıların kütləvi məhvinə gətirib çıxaracaq iqlim dəyişikliyinə səbəb ola bilməzdi.

Məlumdur ki, tullantıların növündən asılı olaraq vulkanizm atmosferin həm isinməsinə, həm də soyumasına səbəb ola bilir. Məsələn, 1815-ci ildə Avropada olduğu kimi, böyük həcmli vulkan külü və tozu temperaturun hiss olunacaq səviyyədə aşağı düşməsinə gətirib çıxarır.

Hindistandakı Dekan platosunda - nəhəng maqmatik zonada həqiqətən də minillər boyu böyük vulkanik püskürmələr olub. Bu, minlərcə kub kilometr ərazidə lava qatlarının yaranmasına gətirib çıxarıb.

Amma alimlər dinozavrların buna görə məhv olması tezisini rədd edirlər. ABŞ və Avropa alimlərindən ibarət beynəlxalq qrup Atlantikanın şimalında qazma zamanı əldə edilmiş dib süxurlarını araşdırandan sonra bu qənaətə gəlib.

Professor Willson deyir ki, “Okean dərinliklərindəki təbəqələr Foraminifera ailəsinə aid mikroskopik dəniz orqanizmlərinin qalıqlarıyla doludur. Bu qədim gilin təxminin bir çay qaşığı qədər həcmində təxminən minlərlə belə orqanizm var. Onların xitin örtüyünün tərkibinə əsasən okean suyunun tərkibi və temperaturu haqqında fikir formalaşdırmaq mümkündür. Beləliklə, biz ətraf mühitdə dinozavrların kökünün kəsilməsinə səbəb olan dəyişikliklərin detallı mənzərəsini əldə etmiş oluruq”.

“Bizim hazırladığımız iqlim dəyişikliyi modeli fiksə edilmiş temperatur dəyişikliklərinə ancaq o halda uyğun gəlir ki, parnik qazlarının vulkanik tullantılarının Yerə asteroid düşməsindən təxminən 200 min il əvvəl bitməsi faktını qəbul etmiş olaq”.

“Etiraf etmək lazımdır ki, kütləvi məhvolmaya sinxron hesab ediləcək yeganə hadisə asteroid zərbəsidir”.

- Alimlər hesab edirlər ki, diametri 12 km olan asteroid Yerlə 66 milyon il əvvəl toqquşub.

- Toqquşma nəticəsində yaranmış kraterin ölçüsü təxminən 200 km-dir və o, dənizin dibində yerləşir.

- Quruda kraterin çox hissəsi əhəng süxurlarıyla dolub, karst dağıntıları isə onun kənarlarını üzə çıxarıb.

- Zərbəni rekonstruksiya etmək üçün alimlər kraterdəki qatlarda qazma işləri aparırlar.

- Onlar hesab edirlər ki, asteroidin zərbəsi qlobal soyumaya gətirib çıxarıb və bu, bir çox canlı növünün məhvinə səbəb olub.

Əsasən Meksika körfəzinin dibində yerləşən, diametri təxminən 200 km olan Çikşulub kraterinin öyrənilməsi təsdiq edir ki, dinozavrları məhv edən asteroid məhz ora - Yukatan yarımadası ərazisinə düşüb və 50-100 metr hündürlüyündə sunami dalğaları, o cümlədən, minlərlə kvadrat kilometrlik yanğınlar əmələ gətirib.

Bundan başqa, zərbə nəticəsində atmosferə milyardlarla ton dağ süxuru parçaları yayılıb.

Bu yaxınlarda bilinən məlumata görə, asteroid tərkibində bol kükürd olan süxurların olduğu əraziyə düşüb.

Onlar zərbənin təsiri nəticəsində buxarlanaraq atmosferin üst qatlarına yığılıb və bu, Yer kürəsində tez və dərin soyumaya səbəb olub.

Belə vəziyyət müqayisədə çox da uzun olmayan dövrü – bir neçə milyon ili əhatə etsə də, milyonlarla bitki və canlı növünün məhvinə gətirib çıxarıb.

Paleontoloji araşdırmalar göstərir ki, quşlardan fərqli olaraq dinozavrlar iqlim dəyişikliyinin olmadığı yerlərə gedə bilməyiblər.

Məməlilərsə yeni şərtlərə uyğunlaşa biliblər və bu, sonrakı geoloji dövrlərdə onların yayğınlaşmasıyla nəticələnib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}