Millət vəkili: “Sosial şəbəkələrin fəaliyyətinin hüquqi tənzimlənməsinin vacibliyi dünyada qəbul edilməkdədir”
“Mayın 28-də ABŞ Prezidenti Donald Trampın imzaladığı “Onlayn senzuradan müdafiə barədə” sərəncam tək dünya mediasında deyil, hətta sosial şəbəkələrdə də çox ciddi müzakirə mövzusuna çevrilib”.
Bunu öz açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.
Millət vəkili deyib ki, sosial şəbəkələrin genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. M. İbrahimqızı sosial şəbəkələrin fəaliyyətinin hüquqi baxımdan tənzimlənməməsinin tək ABŞ deyil, ümumən bütün dövlətlərin milli təhlükəsizliyi üçün bir təhdid olduğunu vurğulayıb:
“Biz sosial şəbəkələrin bu aspektdə aparıcı rolunu son on ildə bəzi Afrika və Orta Şərq ölkələrində baş verən, acılarla və faciələrlə yadda qalan müxtəlif “rəngli inqilablar”da gördük. Söz azadlığı adı altında sosial şəbəkələrdən bir vasitə kimi istifadə edilməsinə Misir, Liviya, Suriya və İraqdakı olaylarda şahid olduq. Türkiyədə “Gəzi olayları” da sosial şəbəkələrin xidməti kimi dəyərləndirilir. Elə ona görə də artıq dünyada sosial şəbəkələrin fəaliyyətinin beynəlxalq konvensiyalar və milli qanunvericilik səviyyəsində tənzimlənməsi yönündə təşəbbüs və çağırışlar artmağa başlayıb. Artıq Avropada da bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Artıq hər kəs anlamağa başlayır ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır”.
Millət vəkili vurğulayıb ki, internet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır:
“Bu baxımdan Donald Trampın mövqeyi tam haqlıdır, sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin ABŞ-da da dərk olunmasını göstərir. Proses ümumən sosial şəbəkələrin fəaliyyətinin hüquqi tənzimlənməsinin vacibliyinin dünyada qəbul edilməkdə olduğunu göstərir.
Azərbaycan da dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. O da nəzərə alınmalıdır ki, ölkəmizdə tarix boyu çoxsaylı xalqlar və müxtəlif dini inanclı insanlar bərabər hüquqla, heç bir ayrı-seçkilik olmadan yaşayıblar və bu gün də belədir. Bu mənada istər yerli, istərsə də xarici şirkət və ya qurum Azərbaycan ərazisində fəaliyyət göstərirsə, fəaliyyətlərində Azərbaycan dövlətinin və xalqının milli maraqları nəzərə alınmalıdır. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir”.
Şəffaflıq.az
Facebook-da paylaş