Amerikada ət qıtlığı yaranıb - Nəhəng şirkətlər müştərilərə xəbərdarlıq etdi
Şəffaflıq.az Böyük Britaniyanın “The Daily Mail” qəzetinə istinadən bildirir ki, koronavirus pandemiyası ucbatından Amerikada ət çatışmazlığı hiss olunur. “Wendy's” kimi “fast food” restoranları artıq əti menyudan çıxarmaq məcburiyyətində qalıb. “Costco” və “Kroger” şirkətləri də ət ehtiyatlarının tükəndiyini elan edib.
Adı çəkilən şirkətlər Britaniya oxucusuna çox şey deyir. Ancaq Azərbaycan oxucusu bu şirkətlər barədə o qədər də məlumatlı deyil. Bu boşluğu doldurmaq üçün bunlara diqqət etmək yetər: “Wendy’s” restoranlar şəbəkəsidir. Amerikada və dünyanın bir çox yerində 7 minə yaxın restoranı var. “Burger King”, “Subway” və “McDonald’s” kimi şirkətlərlə rəqabətdədir.
“Costco Wholesale Corporation” dünyada ən çox ərzaq anbarlarına sahib olan şirkətdir. Topdansatışla məşğuldur. Bu baxımdan Amerikada 5-ci sırada gedir.
“The Kroger Co” Amerikada 2.500-dən artıq super-marketə sahibdir. İllik dövriyyəsi 60 milyard dollardan çoxdur.
Belə nəhəng şirkətlər ətin qəhətə çəkildiyini rəsmən elan edir və bu, vəziyyətin nə qədər kritik olduğunu göstərir.
Artıq amerikalı alıcılar arasında qəzəbli müştərilərin sayı sürətlə artır. Onlara ət əvəzinə toyuq təklif edirlər. Amerikada 20-dən çox ət qablaşdırma müəssisəsinin işçiləri arasında COVID-19 virusu yayıldıqdan sonra bağlanıb, ən azı 20 işçi ölüb və ən azı 5 min işçi virusa yoluxub. Buna baxmayaraq, ət tədarükü müəssisələrinin yenidən açılması tələbi ilə yerli işçilər etiraz aksiyaları keçirirlər.
ABŞ dünyanın ən nəhəng ölkələrindən biridir. Belə bir ölkədə ət qıtlığının yaranması ciddi siqnal kimi dəyərləndirilir. Eyni prosesin digər ölkələrdə də müşahidə olunacağı qaçılmaz görünür.
Özü də ət qıtlığı tez gözə girir. Şübhəsiz ki, bu qıtlıq digər ərzaq mallarının satışında da ortaya çıxacaq. Müəssisələrin, istehsalın aylarla işləməməsinin nəticəsi getdikcə daha aydın şəkildə ortaya çıxacaq.
Facebook-da paylaş