Azərbaycan Cənubi Koreya ilə dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir


Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi və Cənubi Koreyanın Fiskal İnformasiya Xidməti (KFIS) arasında "Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması"na dair Anlaşma Memorandumu imzalanıb.

Şəffaflıq.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənədə nazir müavini Himalay Məmişovun KFIS nümayəndə heyəti ilə görüşündə imza atılıb.

Görüşdə Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar, bu sahədə Cənubi Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunub. Bildirilib ki, layihə çərçivəsində dövlət maliyyəsinin idarə edilməsində mövcud proseslərin və informasiya sistemlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın ehtiyaclarına uyğun müasir rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur.

H.Məmişov dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiyanın ölkədə aparılan institusional islahatların mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Koreya tərəfinin ekspert və konsaltinq dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlığın konkret nəticələr, bilik və texnologiya transferi, institusional potensialın artırılması və müasir rəqəmsal dövlət maliyyəsi idarəetmə modelinin formalaşdırılması istiqamətində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, bu ilin aprel ayında Maliyyə Nazirliyinin nümayəndə heyəti Cənubi Koreyaya işgüzar səfər çərçivəsində "dBrain+" sistemi əsasında dövlət maliyyəsinin rəqəmsal idarə edilməsi təcrübəsi ilə tanış olub. Həmçinin, bundan əvvəl maliyyə naziri Sahil Babayevin KFIS-nin prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı dövlət maliyyəsinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Koreyanın "dBrain+" sistemi üzrə təcrübəsi əsasında ölkəmizdə vahid Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, maliyyə məlumatlarının mərkəzləşdirilməsi, dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində təcrübə mübadiləsi aparılıb.

Layihənin növbəti mərhələsində Koreya tərəfinin konsaltinq dəstəyi ilə dövlət maliyyəsinin idarə edilməsi üzrə mövcud vəziyyətin diaqnostikası, daxili maliyyə nəzarəti mexanizmlərinin inkişaf etdirilməsi, məlumatların və informasiya sistemləri arasında interfeyslərin inteqrasiyası, fiskal risklərin təhlili modellərinin və rol əsaslı idarəetmə panellərinin hazırlanması nəzərdə tutulur. Layihənin nəticəsi olaraq rəqəmsal xəzinədarlıq sisteminin konseptual dizaynının və mərhələli tətbiq yol xəritəsinin hazırlanması planlaşdırılır.

Görüş zamanı dövlət maliyyəsinin idarə edilməsində süni intellekt əsaslı həllərin tətbiqi, məlumat əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması, büdcə proqnozlaşdırılması, fiskal risklərin erkən müəyyən edilməsi, audit-nəzarət infrastrukturunun təkmilləşdirilməsi, habelə dövlət maliyyə informasiya sistemlərinin kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsi gələcək əməkdaşlıqda prioritet istiqamət kimi müəyyən edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}