Azərbaycan Dünya Bankı ilə proqram əsaslı büdcə yanaşmasına keçid perspektivlərini nəzərdən keçirib
Mayın 21-də Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Dövlət sektoru üzrə baş mütəxəssisi xanım Fabienne Mroczkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, görüş zamanı Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin – SECO-nun birgə dəstəklədiyi "Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramı"nın icrası, proqramın yekun nəticələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında dövlət maliyyəsinin idarə olunması sahəsində formalaşmış uzunmüddətli və səmərəli əməkdaşlığın fiskal intizamın gücləndirilməsi, strateji büdcə planlaşdırılması və nəticəyönlü idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, həyata keçirilən proqram çərçivəsində ölkədə ortamüddətli fiskal çərçivənin möhkəmləndirilməsi, strateji büdcə təcrübələrinin təkmilləşdirilməsi və proqram əsaslı büdcə yanaşmasına keçidin sürətləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Görüşdə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və rəqəmsal transformasiya istiqamətində Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində görülən işlər də diqqət mərkəzində olub. Bu çərçivədə dövlət maliyyəsinin idarə olunması üzrə rəqəmsal ekosistemin təhlili, modernləşdirilməsi və müasir informasiya sistemlərinin tətbiqi istiqamətində həyata keçirilən əsas tədbirlər qeyd olunub. Öz növbəsində, xanım Fabienne Mroczka Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, həyata keçirilən islahatların dövlət maliyyə idarəetmə sisteminin müasirləşdirilməsi, nəticəəsaslı büdcə mexanizmlərinin genişləndirilməsi və institusional potensialın gücləndirilməsi baxımından mühüm rol oynadığını bildirib. Görüş zamanı, həmçinin səhiyyə, gənclər və idman, mədəniyyət və media sektorlarında proqram və nəticəəsaslı büdcə mexanizmlərinin tətbiqi, aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün növbəti təlimlərin təşkili və həmin sahələrin proqram əsaslı büdcəyə keçid prosesi nəzərdən keçirilib. Bununla yanaşı, proqram və nəticəəsaslı büdcə proseslərinin daha da institusionallaşdırılması, monitorinq və qiymətləndirmə sistemlərinin gücləndirilməsi, fiskal risklərin idarə olunması, rəqəmsal transformasiya və analitik proqnozlaşdırma imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Facebook-da paylaş








