Marko Curiç: Avropa İttifaqına üzvlük Serbiyanın xarici siyasətinin əsas prioritetidir
Avropa İttifaqına (Aİ) üzvlük Serbiyanın xarici siyasətinin əsas prioritetidir. Şəffaflıq.az xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Brüsseldə Serbiya hökuməti və ölkəsinin Avropa İttifaqı yanında Missiyası tərəfindən təşkil olunan "Serbiyada islahatların sürətlənməsi: öhdəlikdən nəticələrə doğru" adlı tədbirdə çıxışında bildirib. O vurğulayıb ki, Serbiya Avropa yolunu daha da möhkəmləndirir, çünki qitənin dərin geosiyasi və texnoloji dəyişikliklərlə üzləşdiyi dövrdə gələcəyini Avropa ailəsinin bir hissəsi kimi görür. M.Curiç qeyd edib ki, səkkiz ölkə ilə həmsərhəd olan Serbiya regional sabitliyin qorunmasında mühüm rol oynayır və Belqradın Avropa inteqrasiyası bütün Qərbi Balkan regionunun sabitliyinə töhfə verir. Nazir Serbiyanın qonşu ölkələrlə münasibətlərin inkişafı istiqamətində göstərdiyi səyləri xatırladaraq, Xorvatiya ilə dialoqu və Macarıstanla strateji tərəfdaşlığı Avropada barışıq və əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirib. Regiondakı vəziyyətə toxunan M.Curiç bildirib ki, Serbiya sülhə və sabitliyə yönəlmiş məsuliyyətli siyasət yürüdür. Nazir Qərbi Balkan regionunun mərhələli şəkildə vahid Avropa bazarına və Şengen məkanına inteqrasiyasını nəzərdə tutan təşəbbüsü də təqdim edib və söyləyib ki, belə yanaşma mühüm iqtisadi üstünlüklər yaradacaq, insanların daha sərbəst hərəkətinə imkan verəcək, parçalanma siyasəti üçün imkanları azaldacaq və eyni zamanda Avropa İttifaqının təhlükəsizliyini gücləndirəcək. O xatırladıb ki, Serbiya "Frontex" ilə əməkdaşlıq çərçivəsində Avropaya qeyri-qanuni miqrasiyanın azaldılmasına da əhəmiyyətli töhfə verir. Ukrayna məsələsinə toxunan M.Curiç vurğulayıb ki, Serbiya BMT-də bütün mərhələlərdə Ukraynanı dəstəkləyib, regiondan bu ölkəyə göndərilən ümumi yardımın 90 faizindən çoxunu təmin edib və dövlət başçıları səviyyəsində Kiyevlə ən intensiv münasibətlər qurub.
Facebook-da paylaş








