Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
Hondurasda iki silahlı hücum nəticəsində altısı polis olmaqla, 25 nəfər həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Sky News" məlumat yayıb. Məlumata görə, ilk insident ölkənin şimalındakı Truxilyo bələdiyyəsində yerləşən plantasiyada baş verib. Naməlum şəxslər işçilərə atəş açıb, nəticədə azı 19 nəfər həlak olub. Qurbanların dəqiq sayı hələlik müəyyən edilməyib, çünki qohumlar cəsədlərin bir qismini artıq hadisə yerindən aparıblar. İkinci hücum Qvatemala ilə sərhəd yaxınlığında, Kortes departamentinin Omoa bələdiyyəsində baş verib. Silahlı şəxslər quldur dəstələrinə qarşı əməliyyatda iştirak etmək üçün paytaxt Tequsiqalpadan yola düşən polis əməkdaşlarına hücum ediblər. Nəticədə altı polis, o cümlədən yüksək rütbəli zabit həlak olub. Hondurasın Təhlükəsizlik Nazirliyi hücumların baş verdiyi ərazilərə polis və silahlı qüvvələrin bölmələrinin göndərildiyini açıqlayıb. İnsidentlərin araşdırılması üçün kriminalistlərin və prokurorların iştirakı ilə xüsusi qruplar yaradılıb.
Facebook-da paylaş








