Qaxda Kürmükoba bayramı qeyd edilib
Qax rayonunda ənənəvi Kürmükoba bayramı keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, ildə iki dəfə keçirilən bayramı qeyd etmək üçün yüzlərlə müsəlman və xristian rayondakı Kürmük məbədini ziyarət edib. Qədim mərasim ayini olan "Kürmükoba" bayramına ətraf bölgələrdən də çox sayda ziyarətçi qatılıb. Tarixi yaddaşa söykənən iştirakçılar Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinləri icra edir, ağaclara yaylıq və dəsmallar bağlayır, qaya daşlarının üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər. Hazırda Kürmükoba mərasiminə xristian və İslam dini elementləri daxil edilsə də, bu bayramda qədim inancların qalıqları, təbiət ayinləri özünü daha çox büruzə verir. Mərasimin may və noyabr aylarında - yəni çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi sayılan bol sulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir.
Facebook-da paylaş








