WUF13-də nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı nəqliyyatın idarə edilməsi ilə bağlı rəqəmsal xəritə hazırlanıb. Şəffaflıq.az xəbər verir ki, xəritə bu gün ictimaiyyətə təqdim edilib. Xatırladaq ki, WUF13-də iştirak etmək üçün 176 ölkədən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib ki, tədbirin uğuru hər şeydən əvvəl nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təşkil olunmasından asılıdır: "Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş istiqamət üzrə fəaliyyət göstərəcəyik. Bunlardan biri Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz rejimdə fəaliyyəti və iştirak edən bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə fasiləsiz izlənməsidir. 2-cisi, otellər, hava limanı və tədbir məkanını birləşdirən və qrafik əsasında çıxış edən avtobus sisteminin yaradılması, 3-cüsü yol hərəkətinin və tənzimləmələrin idarə edilməsi, 4-cüsü mühüm və çox mühüm şəxslər üçün nəqliyyat planının hazırlanması, 5-cisi isə şəhər üzrə aydın nişanlanma ilə seçilmiş müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılmasıdır".
Facebook-da paylaş








