Lənkərandakı sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlayıb.

Şəffaflıq.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında aprelin 17-də Xidmət əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirib.

Aparılan araşdırma zamanı müəyyən olunub ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı axar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.

Fakt üzrə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən müxtəlif nöqtələrdən su nümunələri götürülərək analiz edilib. Nəticələrə əsasən tullantı suların tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu və suların təmizlənmədən dənizə axıdıldığı təsdiqlənib.

Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq, kəsim sexinin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən ətraf mühitin mühafizəsi və su ehtiyatlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}