Avstraliyada dünyada ilk dəfə uşaqlar üçün xərçəng əleyhinə peyvənd sınağı keçiriləcək
Avstraliyalı alimlər dünyada ilk dəfə müalicəyə davamlı beyin şişləri olan uşaqların müalicəsi üçün hazırlanmış xərçəng xəstəliyi peyvəndlərinin klinik sınaqlarını keçirəcəklər. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə peyvəndin klinikaya qədərki tədqiqatının aparıldığı Kvinslend Universiteti (UQ) məlumat yayıb. "Yaxın aylarda "PaedNEO-VAX-"ın klinik sınaqları Viktoriya, Qərbi Avstraliya, Kvinslend, Yeni Cənubi Uels və Cənubi Avstraliyadakı səkkiz uşaq xəstəxanasında aparılacaq", - universitetin açıqlamasında bildirilir. Hər bir peyvəndin xəstə üçün xüsusi genetik markerlərdən istifadə etməklə fərdiləşdirilməsi planlaşdırılır. Beyin xərçəngi xəstəliyi diaqnozu qoyulmuş və ömrünün uzunluğu 24 aydan çox olmayan yetmiş gənc xəstə dörd illik klinik sınaqda iştirak edəcək. "Bu, xüsusilə çətin beyin xərçəng xəstəliyi formalarının müalicəsində yeni, fərdiləşdirilmiş bir yanaşmadır. Birinci mərhələ sınaqları bizə təhlükəsiz və effektiv bir doza təyin etməyə kömək edəcək, ikinci mərhələ isə terapiyanın effektivliyini qiymətləndirəcək. Bunun xərçəng xəstəliyinin inkişafını yavaşlatdığını və xəstələrin, onların ailələrinin ümumi sağ qalmasını və həyat keyfiyyətini yaxşılaşdırıb-yaxşılaşdırmadığını müəyyən etməyə çalışacağıq", - tədqiqatda iştirak edən professor Jordan Hansford bildirib. Universitet yeni dərmanın mRHK COVID-19 peyvəndi əsasında yaradıldığını bildirib. "Hər bir uşağın şişində genom ardıcıllığı və dərin məlumatların təhlili istifadə edərək unikal şiş markerlərini müəyyənləşdirdikdən sonra, şişə xas peyvənd hədəflərini seçəcəyik. Sonra xüsusi formulalar hazırlanacaq", - tədqiqatın aparıcı müəllifi, universitetin professoru Brendon Ueynrayt izah edib.
Facebook-da paylaş








