Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, hökumət qurumlarının təmsilçiləri, ölkə parlamentinin senatorları və deptatları, orada yaşayan azərbaycanlılar, bu ölkədə rəsmi səfərdə olan Azərbaycan media dövlət qurumlarının rəhbərləri iştirak edib. Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Zəfər Gününün Azərbaycan xalqının milli qürur və iftixar günü olduğunu vurğulayıb. O, həmçinin 8 avqustda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sülh deklarasiyasının bütün regionun inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir bu sənədlə Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyulduğuna diqqət çəkib. Rumıniya Baş nazirinin müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsdəri Marian Neakşu Cənubi Qafqazda sülhün bərqərar olmasını regionda beynəlxalq iqtisadi, nəqliyyat və enerji layihələrin həyata keçirilməsi üçün vacib amil adlandırıb. Marian Neakşu vurğulayıb ki, Rumıniya Azərbaycanı regionda sabitlik və inkişafın təmin olunmasında mühüm tərəfdaş hesab edir və bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək deyib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi qələbə türk dünyasının birliyini və qardaşlığını daha da möhkəmləndirib: "Azərbaycanın Zəfəri bütün türk dövlətləri üçün qürur mənbəyidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da dost və qardaş ölkə kimi onunla həmrəyliyini davam etdirəcək". Ardınca Rumıniya müsəlman icmasının müftisi Yusuf Murat qeyd edib ki, bütün müsəlman dünyası Azərbaycan ilə Ermənistan arasında uzun illər sürən mübarizənin sülh və sabitlik ilə nəticələnməsini alqışlayır.
Facebook-da paylaş








