“Koronavirusla bağlı hər hansı iqtisadi narahatlığa əsas yoxdur” - Mikayıl Cabbarov
Koronavirusla əlaqədar hər hansı iqtisadi narahatlığa əsas yoxdur, büdcə mühafizəkar tərtib edilib və bütün mümkün ssenarilərə hazırıq.
Bunu APA-nın Gürcüstan bürosunun sualına cavab olaraq Tbilisidə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2020-ci üzrə kifayət qədər sağlam proqnozlaşdırılma aparılıb.
“Bizim ölkəmizin iqtisadi proqnozları, büdcə proqnozları 2020-ci il üçün kifayət qədər mühafizəkar tərtib edilib. Konservativ ssenarilər əsas olaraq götürülüb. Düşünürük ki, kifayət qədər sağlam proqnozlaşdırma həyata keçirmişik. Buna baxmayaraq, siz sual verdiyiniz mövzu barədə son fikirləri bildirmək məncə tezdir. Artıq virusun bir sıra iqtisadiyyatlara, ilk növbədə Asiya iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Bazarlara təzyiq var, amma mən hesab edirəm ki, biz tələskənliyə yol verməməliyik, vəziyyəti sadəcə olaraq izləməli, təhlil etməliyik. Dövlətin aidiyyəti strukturları tərəfindən bütün ssenarilər işlənilib və hər hansı bir narahatlığa əsas yoxdur”, - deyə M. Cabbarov bildirib.
Şəffaflıq.az
Facebook-da paylaş