Yunus Sadıqov: "Dövlət Proqramı meyvə-tərəvəz sektorunu yeni inkişaf modelinə keçirəcək"


"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" meyvə-tərəvəz sahəsini "istehsal et və sat" modelindən "istehsal et, saxla, emal et və ixrac et" modelinə transformasiya etmək üçün yeni imkanlar yaradır.

Bu barədə "Report"a açıqlamasında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "Aqrar sektorun iqtisadi problemləri" şöbəsinin müdiri Yunus Sadıqov bildirib.

O qeyd edib ki, yeni dövlət proqramı meyvə-tərəvəz sahəsinin inkişafı üçün bir sıra əhəmiyyətli imkanlar formalaşdırır: "İlk növbədə, meyvə-tərəvəz məhsullarının yalnız xammal şəklində realizə edilməsinə deyil, emal yolu ilə daha yüksək əlavə dəyərin yaradılmasına zəmin hazırlayır. Başqa sözlə, fermer öz məhsulunu təkcə bazarda təzə formada satmaqla məhdudlaşmayacaq, həmin məhsul şirə, konserv, qurudulmuş meyvə, dondurulmuş tərəvəz və sair emal məhsullarına çevrilərək həm daxili bazar, həm də xarici bazarlar üçün istifadə oluna biləcək. Proqramda aqrar-emal və logistika infrastrukturunun genişləndirilməsi, su və torpaq ehtiyatlarından daha effektiv istifadə olunması, müasir suvarma texnologiyalarının tətbiqi, dövlət dəstəyi və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən edilib. Bu da meyvə-tərəvəz istehsalında məhsuldarlığın yüksəlməsinə, itkilərin minimuma endirilməsinə və məhsulun bazara daha yaxşı keyfiyyətlə təqdim olunmasına yardım edə bilər. Xüsusilə soyuducu anbar şəbəkəsinin, çeşidləmə, qablaşdırma və emal müəssisələrinin inkişafı fermerlərin mövsüm dövründə məhsulu aşağı qiymətə satmaq məcburiyyətini aradan qaldıracaq".

Y. Sadıqovun fikrincə, meyvə-tərəvəz Azərbaycanın qeyri-neft ixracında ən real imkanlara malik sahələrdən birini təşkil edir: "Digər vacib imkan ixrac istiqaməti ilə əlaqədardır. Meyvə-tərəvəz Azərbaycanın qeyri-neft ixracında ən güclü potensiala malik sektorlardan biridir. Dövlət proqramı bu sahənin daha rəqabətədavamlı olmasına, beynəlxalq standartlara müvafiq istehsalın genişlənməsinə və xarici bazarlara çıxış perspektivlərinin artmasına xidmət göstərir. Bu kontekstdə proqram fermer, emalçı və ixracatçı arasında daha möhkəm dəyər zəncirinin qurulmasına imkan verir".

O əlavə edib ki, əgər nəzərdə tutulan tədbirlər ardıcıl və nəticəyönümlü şəkildə həyata keçirilərsə, bu həm fermerlərin gəlirlərinin yüksəlməsinə, həm regionlarda iş imkanlarının güclənməsinə, həm də ölkənin qeyri-neft ixracının artmasına müsbət təsir edə bilər.

"Proqramda aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsi, emal və logistika infrastrukturunun böyüdülməsi, məhsuldarlıq və ixrac potensialının gücləndirilməsi əsas hədəflər olaraq göstərilib. Sənəddə əks olunan addımlar kənd təsərrüfatının irəliləyişi baxımından olduqca əhəmiyyət daşıyır. Çünki proqram istehsal həcminin artırılması ilə yanaşı, eyni zamanda məhsuldarlığın yüksəldilməsini, emal potensialının genişləndirilməsini və ixrac imkanlarının möhkəmləndirilməsini nəzərdə tutur. Bu, son dərəcə vacib bir yanaşmadır. Belə ki, müasir dövrdə aqrar sahədə əsas problem sadəcə daha çox istehsal deyil, daha keyfiyyətli, daha rəqabətqabiliyyətli və bazar tələblərinə cavab verən məhsul yetişdirməkdir", - Y. Sadıqov vurğulayıb.

Şöbə müdiri bildirib ki, istehsalın artırılması kontekstində proqramda suvarma sistemlərinin modernləşdirilməsi, torpaq və su ehtiyatlarından səmərəli yararlanma, müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi mexanizmlərinin yenilənməsi kimi tədbirlər xüsusi önəm daşıyır:

"Xüsusilə iqlim dəyişmələri və su çatışmazlığı şəraitində kənd təsərrüfatında məhsuldarlığın artırılması artıq yalnız əkin sahələrinin böyüdülməsi hesabına reallaşdırıla bilməz. Burada əsas yanaşma vahid sahədən daha yüksək həcmdə və daha keyfiyyətli məhsul almaqdan ibarətdir. Məhsuldarlığın yüksəldilməsi baxımından proqram fermerlərin müasir istehsal metodlarına keçidini həvəsləndirə bilər. Yeni texnologiyalar, intensiv bağçılıq, damcı suvarma, keyfiyyətli toxum və ting materiallarının istifadəsi, aqrotexniki xidmətlərin təkmilləşdirilməsi istehsalın həcminə və keyfiyyətinə bilavasitə təsir göstərir. Bu isə həm daxili bazarın daha stabil təmin olunmasına, həm də fermer gəlirlərinin yüksəlməsinə şərait formalaşdırır".

Onun qənaətinə görə, ixrac potensialı prizmasından proqramın ən əhəmiyyətli cəhəti istehsal, emal, saxlama, qablaşdırma və logistika zəncirini vahid şəkildə əhatə etməsidir: "İxrac üçün yalnız məhsul yetişdirmək kifayət etmir. Məhsul beynəlxalq normalara uyğun olmalı, düzgün qablaşdırılmalı, müvafiq şəkildə saxlanmalı və vaxtında xarici bazara çatdırılmalıdır. Soyuducu anbar şəbəkəsi, emal müəssisələri, sertifikatlaşdırma və logistika imkanlarının artması bu istiqamətdə mühüm rol oynaya bilər. Ümumilikdə, bu proqram aqrar sektoru daha məhsuldar, texnoloji cəhətdən inkişaf etmiş və ixracyönümlü sahəyə çevirmək üçün ciddi imkanlar açır. Lakin burada əsas məsələ tədbirlərin sənəd üzərində qalmaması, regionlarda praktiki olaraq icra olunmasıdır. Əgər proqramda nəzərdə tutulan dəstək alətləri fermerlərə, emal müəssisələrinə və ixracatçılara real formada çatdırılarsa, kənd təsərrüfatında istehsalın artması, məhsuldarlığın yüksəlməsi və qeyri-neft ixracının genişlənməsi istiqamətində əhəmiyyətli nəticələr əldə etmək mümkündür".

Onun sözlərinə əsasən, müasir texnologiyalar eyni zamanda məhsul itkisini minimuma endirir: "Azərbaycanda kənd təsərrüfatında müasir texnologiyaların və innovativ metodların tətbiqi aqrar sahənin daha effektiv inkişafı üçün şərait formalaşdırır. Bu texnologiyalar sayəsində fermerlər daha az su, torpaq və əmək resursları sərf edərək daha çox məhsul yığa bilirlər. Xüsusilə damcı suvarma, müasir istixana sistemləri, intensiv bağçılıq və keyfiyyətli toxum materiallarının istifadəsi məhsuldarlığın artmasına dəstək verir. Müasir texnologiyalar həmçinin məhsul itkisini azaldır. Soyuducu anbarlar, qablaşdırma, çeşidləmə və logistika infrastrukturu məhsulun bazara daha keyfiyyətli formada çatdırılmasını təmin edir. Bu isə fermerlərin gəlirlərinə pozitiv təsir göstərir. Bundan əlavə, innovativ yanaşmalar ixrac perspektivlərini də genişləndirir. Çünki xarici bazarlara daxil olmaq üçün məhsulun keyfiyyətli, təhlükəsiz və standartlara müvafiq olması zəruridir. Ümumilikdə, texnologiyaların istifadəsi kənd təsərrüfatında məhsuldarlığı artırır, xərcləri aşağı salır, ixrac potensialını gücləndirir və aqrar sahənin daha rəqabətədavamlı olmasına xidmət göstərir".

O vurğulayıb ki, emal sənayesinin genişlənməsi həmçinin məhsul itkisinin azalmasına kömək edəcək: "Dövlət proqramı çərçivəsində aqrar sahədə emal sənayesinin böyüdülməsi kənd təsərrüfatı məhsullarının dəyərinin artırılması baxımından son dərəcə vacibdir. Belə ki, məhsul xammal halında satıldıqda fermer və ölkə daha az gəlir əldə edir. Lakin həmin məhsul emala məruz qaldıqda onun bazar dəyəri xeyli yüksəlir. Məsələn, meyvə sadəcə təzə halda satıldıqda bir qiymətə, şirə, mürəbbə, konserv, quru meyvə və ya qablaşdırılmış formada satıldıqda isə qat-qat yüksək qiymətə realizə olunur. Eyni prinsip tərəvəz, pambıq, tütün, taxıl və digər aqrar məhsullara da şamil edilir. Emal sənayesinin inkişafı həm də istehsal itkisinin azalmasına kömək göstərəcək. Mövsüm zamanı bazarda məhsul artıqlığı yarandıqda fermer onu aşağı qiymətə satmağa məcbur qalmır, həmin məhsul emala cəlb edilir. Bu isə fermerin gəlirini müdafiə edir və bölgələrdə yeni iş yerlərinin açılmasına imkan yaradır".

Y. Sadıqov bildirib ki, aqrar sektorun irəliləyişi üçün təkcə məhsul yetişdirmək yetərli deyil, həmin məhsulu keyfiyyətli şəkildə beynəlxalq bazarlara çıxarmaq da zəruridir: "Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən işləri müsbət dəyərləndirmək olar. Belə ki, aqrar sektorun inkişafı üçün təkcə istehsal kifayət deyil, həmin məhsulun keyfiyyətli formada xarici bazarlara təqdim olunması da mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə ixracın stimullaşdırılması, məhsulların sertifikatlaşdırılması, qablaşdırma və logistika imkanlarının təkmilləşdirilməsi, beynəlxalq standartlara müvafiq istehsalın artırılması böyük önəm daşıyır. Xüsusilə meyvə-tərəvəz, fındıq, pambıq, şərabçılıq və emal məhsulları üzrə Azərbaycanın ixrac potensialı kifayət qədər genişdir. Xarici bazarlara çıxış imkanlarının artması fermerlər və emal müəssisələri üçün daha geniş realizə perspektivləri yaradır. Bu da onların gəlirlərinin yüksəlməsinə, istehsalın böyüməsinə və regionlarda məşğulluğun güclənməsinə təsir edir. Ümumilikdə, görülən işlər kənd təsərrüfatının daha rəqabətqabiliyyətli və ixracyönümlü sahəyə transformasiyası baxımından əhəmiyyətlidir. Əsas məsələ bu prosesin fasiləsiz olması, məhsul keyfiyyətinin yüksəldilməsi və yeni bazarlara çıxışın daha da artırılmasıdır. Ümumilikdə, emal sənayesinin genişləndirilməsi kənd təsərrüfatını daha gəlirli sahəyə çevirəcək, ixrac imkanlarını gücləndirib aqrar məhsulların əlavə dəyərini yüksəldəcək".

O, kənd sahibkarlığı baxımından da proqramın əhəmiyyətini vurğulayıb: "Dövlət proqramının regionlarda məşğulluğun artırılması və kənd yerlərində sahibkarlığın genişləndirilməsi istiqamətində mühüm töhfələri ola bilər. Çünki kənd təsərrüfatı yalnız məhsul istehsalı sahəsi olmayıb, həm də regionlarda iş yerlərinin formalaşması və ailə təsərrüfatlarının gəlir qaynağıdır. Proqram çərçivəsində istehsalın, emalın, saxlama, qablaşdırma və logistika imkanlarının artırılması kənd yerlərində yeni iş yerlərinin meydana gəlməsinə zəmin hazırlayacaq. Məsələn, fermer məhsul yetişdirir, emal müəssisəsi onu hazır məhsula çevirir, digər subyektlər isə qablaşdırma, nəqliyyat və satış prosesində iştirak edir. Bu isə bir məhsul ətrafında bir neçə yeni fəaliyyət istiqamətinin yaranması deməkdir.

Kənd sahibkarlığı prizmasından da proqram əhəmiyyətlidir. Dövlət dəstəyi, subsidiya mexanizmləri, müasir texnologiyaların tətbiqi və ixrac imkanlarının genişlənməsi fermerlərin və kiçik sahibkarların daha aktiv fəaliyyət göstərməsinə təkan verə bilər. Xüsusilə gənclərin və ailə təsərrüfatlarının aqrar biznesə marağı arta bilər. Ümumilikdə, Dövlət Proqramı regionlarda məşğulluğun artmasına, kənd ərazilərində gəlir mənbələrinin genişlənməsinə və sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər. Əsas məsələ bu imkanların real fermerlərə və yerli sahibkarlara əlçatan olmasıdır".

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 50 min 645,3 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il öncəki göstəriciyə nisbətən 6,7 % azdır. Hesabat dövründə ölkədə 1 milyon 347,4 min dekalitr meyvə və tərəvəz şirələri istehsal edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,2 % azdır.

2025-ci il ərzində Azərbaycandan ümumilikdə 901,5 milyon ABŞ dolları (1 milyard 532,5 milyon manat) dəyərində 846 min ton təzə tərəvəz və meyvə ixrac edilib. Tərəvəz və meyvə ixracı 2024-cü illə müqayisədə dəyər ifadəsilə 193,7 milyon dollar (+27,4 %), miqdar ifadəsilə isə 159,7 min ton (+23,3 %).

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon dollar (1 milyard 203,2 milyon manat) dəyərində 686,3 min ton təzə tərəvəz və meyvə ixrac olunmuşdu.

2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi tərəvəz və meyvənin 1 kiloqramının orta ixrac qiyməti 1,07 dollar (1,81 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,03 dollar (1,75 manat) idi. Bu da illik müqayisədə 0,04 dollar (0,06 manat) və ya 3,4 % bahalaşma deməkdir.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}