Vaşinqton sammiti xarici mediada
Bir neçə gündür ki, Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı avqustun 8-də təşkil olunan Vaşinqton görüşü dünyanın bir çox ölkələrinin media gündəmini zəbt edib və “Azərbaycan” ad olaraq trendlərdən düşmür. Ümumiyyətlə, Vaşinqton görüşündəki müzakirələr, siyasi-iqtisadi anlaşmalar və ABŞ-nin Cənubi Qafqazda artan maraqları haqqında Qərb mediası nə deyir? Ağ Evin, AP, Reuters agentliklərinin, ABŞ-nin FOX kanalının və bir çox informasiya kanallarının canlı yayımladığı, The Guardian qəzetinin, Euronews, BBC, CNBC, NBC kanallarının geniş yer verdiyi məsələyə telekanalında az yer ayıran CNN saytında “Tramp şəxsi brendinq və daha çox Nobel Sülh Mükafatı danışığı ilə birlikdə Ermənistan-Azərbaycan anlaşmasını bağlayır” adlı yazıyla toxunub. Razılaşmanın iki ölkə arasında uzun müddət davam edən gərginliyi yatırtmaq, eyni zamanda regionu daha böyük iqtisadi inkişaf üçün açmaq, o cümlədən ABŞ-yə Ermənistan ərazisindən yeni nəqliyyat marşrutu açmaq üçün uzunmüddətli, eksklüziv hüquqlar vermək məqsədi daşıdığı vurğulanıb. Daha sonra vəzifədə olduğu ilk altı ayda özünü qlobal sülhməramlı kimi qələmə verməyə çalışan Trampın Nobel Sülh Mükafatını qazanmağa yaxın olması, bir çox xarici liderlərin Trampın rəğbətini qazanması üçün onun namizədliyini irəli sürmələri, Minsk qrupunun ləğvi, TRIPP dəhlizi, gələn həftədən tranzit dəhlizində hansı ABŞ qurumlarının işləyəcəyini müəyyənləşdirmək üçün rəsmi danışıqlara başlanacağı və Rusiya-Ukrayna münaqişəsi barədə fikirlər yayılıb (https://www.cnn.com/2025/08/08/politics/strategic-armenia-azerbaijan-corridor-named-after-trump). Şəffaflıq.az
Facebook-da paylaş
