Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi Ukraynada müharibənin dayandırılması məsələsində tərəflərin mövqelərinin yaxınlaşdırılmasında əldə edilə biləcək irəliləyişdən asılı olacaq. Şəffaflıq.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Marko Rubio "Fox Business"a müsahibəsində deyib. "Bilmirəm, (görüş - red.) gələn həftə baş tutacaq, yoxsa yox, bunu görmək qalır. Məncə, bu, hansı irəliləyiş əldə oluna biləcəyindən asılı olacaq. Çox şey bizim tərəflərin mövqelərini nə qədər yaxınlaşdıra biləcəyimizdən, irəliləyişə nail olub-olmayacağımızdan asılı olacaq", - o deyib. Dövlət Departamentinin rəhbəri Trampın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarının vaxtını da açıqlayıb. "Bu, prezidentin yaxın 24-36 saat ərzində burada verməli olacağı qərardır" deyən Rubio, çox şeyin danışıqların necə getməsindən və yaxın iki gündə görüləcək işlərdən asılı olacağını əlavə edib.
Facebook-da paylaş
