"Kollecdə pul yığmaq üçün bütün tələbələri imtahandan kəsirlər" - İTTİHAM
Şəffaflıq.az dia.az-a istinadən xəbər verir ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində rüşvətxorluq baş alıb gedir. “Semestrlərdə qiymət almaq mümkün deyil. Ancaq kredit hesablayırlar. 83 manat, 85 manat, 50 manat. Yazanların da, yazmayanların da, bütün tələbələrin qiymətini kəsirlər”.
Bu sözləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin adının açıqlanmasını istəməyən 2-ci kurs tələbəsi deyib. Onun sözlərinə görə, direktor müavini Şahin Əliyevin göstərişi ilə necə oxumasından asılı olmayaraq, bütün tələbələrdən pul yığılır:
“Bu pul qanuni yolla yığılmır, kollec pullu deyil. Hamımız nəğd ödəyirik, sadəcə bizə üzərində “Kapitalbank” yazılmış qəbz verirlər. Bu qəbzlərdə möhür yoxdu. Hələ də anlamırıq ki, banka məxsus olduğu deyilən bu qəbzləri niyə kollecin mühasibatlığından alırıq”.
Tələbənin sözlərinə görə, nə qədər çox imtahan varsa, pulun miqdarı da o qədər çox olur:
“Məsələn, 7 imtahan varsa, 400 manata qədər pul alırlar, 9 imtahan olanda pulun miqdarı 700 manata qədər artır. Qəsdən hər kəsi kəsirlər ki, kredit yığılsın, təkrar imtahan üçün ödəniş olsun. Əyani şöbənin müdiri Kamilə Həmidova gəlib bir-bir deyir ki, oxuduz, oxumadız, pul verməlisiz, əks halda kəsiləcəksiz. Bir tələbə deyə bilməz ki, pul vermədən qiymət almışam”.
Adının açıqlanmasından çəkinən daha bir 2-ci kurs tələbəsi isə qiyabi təhsil aldığını deyir. Onun sözlərinə görə, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova açıq şəkildə deyib ki, heç kim imtahandan qiymət almayacaq, hamı ödəniş etməlidir:
“Güllübəyim müəllimə deyir ki, göstəriş kollecin direktorundan gəlib. Bu işlərin başında da direktor müavini Şahin Əliyev durur. Bütün pul yığılması məsələsinə o baxır. Təsəvvür edin, qiyabi dərslər başlayanda cəmi 3-4 nəfər gəlir, qalanları pul verib heç kollecə ayaq basmırlar”.
Tələbənin sözlərinə görə, birinci kurs üçün imtahan nəzərdə tutulmasa da, 9 imtahan salıb tələbələrdən pul yığırlar.
Eyni şikayətlə təqaüdçü müəllim İsfəndiyar Əliyev də mətbuata üz tutub. Müəllimin sözlərinə görə, nəvəsi Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birinci kursunda təhsil alır:
“Qış imtahanlarına da yaxşı hazırlaşmışdı. Evdə imtahanda yaxşı yazdığını da dedi. Qiymət alacağına əmin idi. Ancaq nəticələr açıqlananda məlum oldu ki, imtahanların 5-dən kəsilib. Daha sonra isə həmin kəsildiyi imtahanlara görə ondan pul istəyiblər”.
Müəllim deyir ki, bundan sonra məsələni aydınlaşdırmaq üçün nəvəsi ilə birgə kollecə üz tutub:
“Dedim, keçmiş müəlliməm, oradakılar da mənim həmkarlarımdır. Danışar, aydınlaşdıraram. Nə məsələ olduğunu öyrənərəm. Ancaq getdiyimə peşman oldum. Əvvəla 2 saat gözlədim. Sonra içəri girdim ki, 2-3 nəfər xanım müəllimə oturub. Dedim, nəvəmin kəsirlərinə görə gəlmişəm. Ad-soyadını soruşdular. Sonra hesablayıcını çıxarıb, başladılar nəsə yazmağa. Axırda da dedilər ki, sizdə 232 manat edir. Ödəyin, problemi həll edək”.
İsfəndiyar Əliyev deyir ki, o, buna etiraz edəndə isə bunun onların problemi olmadığı cavabını alıb:
“Dedilər, “ağsaqqal, bizə belə deyiblər. Narazısınızsa, direktoru görün” Kor-peşman otaqdan çıxdım”.
İsfəndiyar Əliyev deyir ki, bundan sonra direktorun otağına üz tutub. Fikirləşib ki, bəlkə onunla dil tapar:
“Bu boyda kollecdə bir-birimizi anlayacağımız bir müəllimlə danışacağıma ümid edirdim. Direktorun otağına girib, vəziyyəti izah etdim. Bu zaman həmin adam başladı səsini ucaltmağa. “Sənin nəvən niyə oxumur? Biz burada oturub hamının problemini həll edən deyilik. Nə deyirlər onu da verin, qiymət alsın”, dedi. Bu pulun çox olduğunu deyəndə “yox, ondan az olmaz” – cavabını verdi. Ora getdiyimə peşman oldum”.
İsfəndiyar Əliyev deyir ki, nəvəsinin üzündə yaranan məyusluğa və onun ürəyini qırmamağa görə deyilən pulu əyani şöbədə oturan qadınlara ödəyib:
“Bu zaman içəridə biraz vaxt keçirdim. Otaqda vur-çatlasın alış-veriş gedirdi. Pul alan, vərəq axtaran kim, stolun üstünə yığılan topa-topa pulu dəstələyən kim. Həmin içəridə olduğumuz on beş dəqiqə ərzində biz də içində olmaqla bir neçə nəfərdən təxminən 3000-4000 manata yaxın pul yığdılar. Hətta bir tələbə 500 manat ödədi. Görünür, onun kəsiri daha çox olub”.
Təqaüdçü müəllim deyir ki, çıxanda qapının önündə qələbəlik var imiş. Nə qədər insan içəri girib, kəsirinə görə pul ödəmək üçün növbə göləyirmiş:
“Onlar bura pulunu verib, imtahan vərəqin alıb, cavabları yazmaq üçün yığışmışdılar. Tələbə, valideyn əlindən tərpənmək olmurdu”.
İsfəndiyar Əliyev deyir ki, sonradan bu gördüklərini İsmayıllı kollecində çalışan müəllim həmkarı ilə bölüşüb. Ondan öyrənib ki, ümumiyyətlə, kollecdə təhsil alan birinci kurs tələbələrinə imtahan olmur. “Kollecin etdiyi özbaşınalıq və qanun pozuntusudur”, - dedi:
“Birinci kurslarda böyük summativ qiymətləndirmə olur və fənn müəllimi tərəfindən aparılır. Buna heç kim müdaxilə etmir. İkincisi, bu qərar sırf rüşvət yığmağa xidmət edir və bu, təhsil ocağında bir neçə nəfərin varlanmağına xidmət edir. Bu zaman bir həqiqəti də dərk etdim ki, tələbələrə saxta tərtib etdikləri imtahanlar haqqında yalan məlumat verilir. Bu, kəsri çox göstərmək və daha böyük məbləğdə rüşvət yığmaq üçün fikirləşilib”.
Sonda İsfəndiyar Əliyev təhsil naziri Ceyhun Bayramova müraciət edib:
“Cənab nazir, həyatının 38 ilini təhsilə həsr edən bir qocaman müəllim kimi təhsil ocaqlarını bu cür insanlardan təmizləməyinizi xahiş edirəm. Sizdən rüşvət yığan bu direktoru, şöbədə pul yığan qadın müəllimələrin cəzalandırılmasını rica edirəm”.
Facebook-da paylaş