Mark Alfeldi-Boruss: “SOCAR və MOL arasında saziş Bakı-Budapeşt enerji tərəfdaşlığında yeni mərhələ açır” - MÜSAHİBƏ
Avropada enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsinə tələbatın artması fonunda Macarıstan Azərbaycanı əsas strateji tərəfdaşlardan biri kimi nəzərdən keçirir. Rəsmi Budapeşt Azərbaycanın enerji strukturları ilə uzunmüddətli əlaqələri gücləndirməklə yanaşı, həm də qaz təchizatı, "Yaşıl enerji dəhlizi"nin həyata keçirilməsi kimi yeni transsərhəd layihələrdə fəal iştirak edir. Macarıstanın Energetika Nazirliyinin enerji siyasəti üzrə dövlət katibinin müavini Mark Alfeldi-Boruss Şəffaflıq.az a müsahibəsində ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Group” arasında imzalanmış sazişin əhəmiyyəti, Macarıstanın enerji təhlükəsizliyi sahəsində strateji məqsədləri, həmçinin Azərbaycanla tərəfdaşlıqda "yaşıl enerji"nin perspektivləri barədə danışıb. Müsahibəni oxuculara təqdim edirik: - Dünən 30-cu Bakı Enerji Forumu çərçivəsində SOCAR və MOL arasında imzalanan sazişi necə qiymətləndirirsiniz? Saziş qısa və uzunmüddətli perspektivdə Macarıstana necə təsir göstərə bilər? - “MOL Group” və SOCAR arasında tərəfdaşlığın artıq beş illik tarixi var. Şirkətlər arasında birinci saziş beş il əvvəl imzalanıb və onun çərçivəsində artıq Azərbaycanda birgə layihə həyata keçirilir. Yeni saziş əhəmiyyətinə görə ikinci, bəlkə də daha irimiqyaslı təşəbbüsdür. “MOL Group” Macarıstanın əsas neft təchizatçısıdır. Bu, Macarıstandan idarə olunan və Mərkəzi və Şərqi Avropada fəal işləyən yerli şirkətdir. O, təkcə Macarıstanı deyil, həm də Slovakiyanı neftlə təmin edir, həmçinin üç neft emalı zavodunun yerləşdiyi qonşu ölkələrdə fəaliyyət göstərir. MOL üçün müxtəlif tədarük mənbələri və marşrutlarına malik olmaq həyati əhəmiyyət kəsb edir. Bu mənada SOCAR ilə əməkdaşlıq və Azərbaycan bazarına çıxış enerji dayanıqlılığının və uzunmüddətli təchizat etibarlılığının təmin edilməsində mühüm rol oynayır. Bundan əlavə, “MVM Group” dövlət şirkəti də Azərbaycanla əlaqələri inkişaf etdirir. Keçən il şirkət "Şahdəniz" qaz-kondensat yatağında 5 % pay əldə edib. Bu, Macarıstana enerji tədarükünün şaxələndirilməsi istiqamətində daha bir addımdır. - Sizcə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və Macarıstanın bu prosesdə iştirakında hansı rolu oynayır? - Artıq qeyd etdiyim kimi, Azərbaycandan olan tərəfdaşlarımızla karbohidrogen sahəsində iki konkret layihəmiz var. Enerji resurslarının təxminən 70 %-ni idxal edən Macarıstan üçün həm tədarük mənbələrini, həm də marşrutlarını şaxələndirmək kritik əhəmiyyət daşıyır, çünki ölkə bu resurslardan asılıdır və enerji təminatı baxımından həssasdır. Bu kontekstdə biz Azərbaycana etibarlı və sabit tərəfdaş kimi getdikcə daha çox güvənir, əməkdaşlığın daha da inkişaf etdirilməsi potensialını yüksək qiymətləndiririk. Yaxşı xəbər bundan ibarətdir ki, indi şaxələndirmə təkcə ənənəvi resurslar sahəsində deyil, həm də "Yaşıl enerji dəhlizi" təşəbbüsü sayəsində "yaşıl enerji" sahəsində də mümkündür. Ümid edirik ki, Azərbaycanda və Xəzər dənizi regionunda istehsal olunan təxminən 4 GVt külək və günəş enerjisi son təyinat məntəqəsi Macarıstan olmaqla Avropa bazarına daxil ola biləcək. Bu, dayanıqlı enerjiyə keçid istiqamətində mühüm addımdır. - Hazırda Azərbaycan qazının Macarıstana tədarükünün genişləndirilməsi ilə bağlı danışıqlar aparılırmı? - Bəli, iki ölkə arasında danışıqlar daimi əsasda davam edir. “MOL Group” və “MVM Group” ilə layihələr atılan ilk addımlardır. Ümid edirik ki, hazırda nisbətən kiçik olan bu tədarük həcmləri yaxın perspektivdə artırılacaq. Macarıstan Azərbaycanla dayanıqlı və etibarlı enerji əlaqələrinin inkişafında maraqlıdır.
Facebook-da paylaş
