Qordon Birrell: "Şahdəniz Kompressiya" qurğusu emissiyaları çox aşağı səviyyədə saxlamağa imkan verəcək”

"Şahdəniz Kompressiya” (ŞDK) qurğusu dörd əsas kompressordan ibarət olacaq.

"Şəffaflıq.az" xəbər verir ki, bunu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Bu, Azərbaycanda, Bakı yaxınlığındakı tikinti meydançalarında inşa ediləcək yeni platformadır və dörd əsas kompressordan ibarət olacaq. Bu platformanın məqsədi bizə aşağıtəzyiqli ehtiyatları, yəni əks halda çıxarılmayacaq ehtiyatları hasil etməyə imkan verməkdir. Bu, bizim üçün həqiqətən çox vacib layihədir. Bundan əlavə, platforma elektrik enerjisi ilə təchiz olunacaq, bu da o deməkdir ki, bütün enerji sahildən gəlir və elektrik enerjisi dəniz şelfində istifadə olunur. Bu da emissiyaları çox aşağı səviyyədə saxlamağa imkan verir", - o qeyd edib.

Bu gün Bakı Enerji Həftəsi çərçivəsində “Şahdəniz” konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni “Şahdəniz Kompressiya” layihəsi üçün yekun investisiya qərarını elan edib.

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}