Göyçayda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib.-FOTO
Göyçay Mədəniyyət Mərkəzində müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü, Həsən bəy Zərdabi mükafatçısı, Gülzar İbrahimova ilə görüş keçirildi. Şəffaflıq.az xəbər verir ki,tədbirin təşkilatçıları Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi və Göyçay rayon Mərkəzi Kitabxanası və Mədəniyyət Mərkəzi idi. Görüşdə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, 1,3 və 4 saylı musiqi məktəbinin şagirdləri və Ş.Qurbanov adına 11 saylı uşaq bağçası uşaqları iştirak etdilər. Tədbirə Göyçay rayon MKS rəhbəri Nazlı Əhmədova qonağı salamlayanadan sonra səhnəni yazıçı-oxucu ixtiyarına verdi. Tədbirin əvvəlində Gülzar İbrahimovanın yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu. Sonra Gülzar İbrahimova çıxış edib, yaradıcılığındakı yeniliklərdən danışdı. Yenicə Təbrizdə iki nağıl kitabının çap edildiyini sevinclə elan etdi. Onlar "Qarabağ xalçasının sirri" və "Qəddar ovçu" nağılları idi. Həmçinin nağılçı bildirdi ki, Təbrizdə onun nağıl kitabları tez-tez çap edilir. Bundan əvvəl də "Yalançı pəhləvan" və "Şahzadə və Mələk" kitabları nəşr edilib. Sonra yazıçı Kahramanmaraşda baş vermiş zəlzələyə aid yazdığı povest haqda oxuculara məlumat verdi. Yeni şeirlərini oxudu. Sevimli yazıçılarını dinləyəndən sonra məktəblilər şeirləri və mahnıları ilə müəllifi sevindirdilər. Görüş balacalar üçün əsl bayrama çevrildi. Yuxarı sinif şagirdləri keçirilən "Qədim Azərbaycan" krossvordu müsabiqəsində iştirak edib hədiyyə və diplom qazandılar. Tədbirin sonunda Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə xanım Məmmədova çıxış edərək, belə tədbirlərin tez-tez keçirilməsinin zəruri olduğunu vurğuladı. O qeyd etdi ki, bu tədbirlər az yaşlıların kitaba sevgisini artıracaq, kitabdan uzaq düşmüş oxucunu kitabxanalara, kitaba yaxınlaşdıracaq, mütaliə səviyyəsini yüksəldəcək. Təbirdən sonra Gülzar İbrahimova Göyçayda yerləşən qələm yoldaşı, müəllimi Əli Səmədlinin ev muzeyini ziyarət etdi və yaratdığı kitabxanada oldu, fəxri kitaba dostu haqqında ürək sözlərini yazdı. Görüşlərdən sonra Göyçay MKS-də oldu və yeni kitablarını kitabxanaya hədiyyə etdi. Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü, Həsən bəy Zərdabi mükafatçısı, Gülzar İbrahimova Şəffaflıq.az
Facebook-da paylaş