Xəzər dənizində “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək
Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən baş tutacaq. Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər. Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək "Dənizdə axtarış-xilasetmə" təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.
Facebook-da paylaş