Bakıda Xəzər İnşaat Həftəsi keçirilir
Bu gün Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi işə başlayıb. "Report" xəbər verir ki, tədbir oktyabrın 17-ə qədər davam edəcək. Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh"), 29-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("BakuBuild") və 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgis *("Aquatherm Baku"), eləcə də 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi ("Road&Traffic") təşkil olunub. Sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət iştirak edir. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Türkiyə, İran, Rusiya, Belarus, Özbəkistan, Çin, Cənubi Koreya, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Çexiya, Polşa, Rumıniya, Avstriya, Finlandiya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya daxildir. Sərgilərdə Türkiyə, Rusiya, Özbəkistan, Macarıstan, Almaniya və Böyük Britaniya milli və regional stendlərlə təmsil olunacaq. Bu il keçirilən sərgilərdə keçən il ilə müqayisədə Çin şirkətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, təkcə Özbəkistandan 20-dən çox şirkət sərgilərə qatılır. 2024-cü ildə Xəzər İnşaat Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsində iştirakçıların nümayiş olunacaq məhsul və xidmətlərdə, eləcə də sərginin tədbirlər proqramında öz əksini tapacaqdır. Qarabağın bərpasına həsr olunmuş "Rebuild Karabakh" sərgisi 4-cü dəfədir ki, təşkil edilir. Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. "Rebuild Karabakh" sərgisi investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infastrukturu və s. bölmələr üzrə təşkil ediləcək. İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürür. 2021-ci ildən indiyə qədər ümumilikdə 109 243 manat ianə bağışlanıb. "BakuBuild" müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir məkanda birləşdirir. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox yeni texnologiyalarla tanış olurlar. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər. Sərgi aparat məhsulları, döşəmələr, idman məhsulları, interyer, işıqlandırma, izolyasiya sistemləri, keramika və üz daşı, metal, pəncərə və qapılar, santexnika, sauna və üzgüçülük hovuzları, tikinti material və məhsulları, tikinti və istehsalat avadanlıqları kimi bölmələri əhatə edir. "Aquatherm Baku" sərgisi enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, günəş enerjisi, hava nəmləndiriciləri, hava qızdırıcıları (kaloriferlər), içməli su istehsalı, irriqasiya (suvarma) sistemləri, istilik izolyasiyası materialları, istilik sistemləri, kondisionerlər, nasoslar, qızdırıcılar, radiatorlar, saunalar, soyuducular, üzgüçülük hovuzları, ventilyatorlar və s. kimi sektorlar təqdim olunur. "Road&Traffic" sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır. Sərgi hər növ avadanlıq və texnika üçün sürtkü yağları, ictimai nəqliyyat, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, yanacaq və paylayıcı avadanlıq, yol təhlükəsizliyi, yol-nəqliyyat infrastrukturu kimi bölmələri əhatə edəcək. Tədbirin işgüzar proqramında ekspert və mütəxəssislərin tikinti sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, B2B və B2G görüşlərin keçirilməsi planlaşdırılır. Bu, ziyarətçilərə yeni biliklər, sənayedəki ən son tendensiyalar haqqında məlumat əldə etmək və peşəkar bacarıqlarını artırmaq imkanı verir. Bundan əlavə, sərgilərin beynəlxalq statusu iştirakçılara xarici şirkətlərin məhsullarının Azərbaycan bazarında təqdim edilməsi, eləcə də yeni bazarların və imkanların araşdırılması üçün fürsət qazandıracaq. Xəzər İnşaat Həftəsinin tədbirlər planı çərçivəsində "Ağdama qayıdan həyat", "Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin 2024-cü ildə gördükləri işlərin icmalı", "COP29 beynəlxalq iqlim tədbirinin müasir tikinti sektoruna təsirləri və innovasiyaların inkişafı", "Yaşıl Dünya üçün innovativ yaşıl inşaat texnologiyaları", "Yaşıl Tikintinin Azərbaycanda və regionda yeni üfüqləri", "Yaşıl Tikinti üçün əlverişli texnologiyaların araşdırılması" kimi mövzularda panel müzakirələri, eləcə də "Müasir inşaat texnologiyaları sahəsində Türkiyə- Azərbaycan əməkdaşlığı" mövzusunda seminar keçiriləcək. Bundan başqa, sərgi günlərində Bakı Ekspo Mərkəzində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil ediləcək. Sərgi günlərində Bakı Ekspo Mərkəzində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil ediləcək. Belə ki, Azərbaycanın tarixini və mədəni dəyərlərini əks etdirən "Qarabağ - xalçaçılıq diyarı" guşəsində milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunacaq. Bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə "Ümid var" xeyriyyə cəmiyyətindən olan uşaqların "Qarabağ fərqlilərin fırçasında" adlı sərgisi təqdim olunacaq. Eyni zamanda, sərgilər zamanı Qarabağ Dirçəliş Fondunun "Qarabağda urbisid və ekosid" adlı fotosərgisinin nümayişi baş tutacaq. Xəzər İnşaat Həftəsi tikinti və infrastruktur sahəsində ən son texnologiyaların və innovativ həllərin inteqrasiyasını təşviq edən və beynəlxalq biznes əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən mühüm beynəlxalq tədbirə çevrilib. Hər il bu tədbir Xəzər regionunun iqtisadiyyatının davamlı inkişafına yönəlmiş layihələrin uğurla həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması üçün vacib məkan rolunu oynayır. Tədbirin təşkilatçıları "Caspian Event Organisers", "Iteca Caspian" və onların beynəlxalq tərəfdaşları olan "ICA Events" və "Caspian Event Management FZ-LLC" şirkətləridir.
Facebook-da paylaş