Səbinə Əliyeva: Ağdamda olan xarici qonaqlar erməni cinayətlərinin ağır nəticələrini canlı müşahidə ediblər
Ağdamda olan xarici qonaqlar erməni cinayətlərinin ağır nəticələrini canlı müşahidə ediblər. "Report"un Ağdama ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının Ağdam şəhərinə səfərini dəyərləndirən Ombudsman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, səfərə qatılan xarici qonaqlar işğaldan azad olunmuş ərazilərdə təsəvvür etdiklərindən daha ağır mənzərə ilə qarşılaşdıqlarını vurğulayıblar: “İqlim dəyişikliyi və insan haqları mövzusunda keçirilmiş Bakı Beynəlxalq Forumuna qatılan 50-yə yaxın ölkənin insan hüquqları üzrə müvəkkilləri Ağdamda olub. Onlar burada ermənilərin Azərbaycana məxsus ekoloji və mədəniyyət nümunələrinə qarşı törətdikləri ekosid, kultrosid və digər cinayətlərin ağır nəticələrini canlı müşahidə ediblər. Bunları oxuyub-eşitməyin və öz gözləri ilə canlı müşahidə aparmağın yaratdığı təəssürat tam fərqlidir. Onlar təsəvvür etdiklərindən daha ağır mənzərə ilə qarşılaşdıqlarını bildiriblər. Bu cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması tərəfimizdən aparılan işlərin prioritetidir”.
Facebook-da paylaş