Muxtar Babayev: Yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır
Hazırda yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Şəffaflıq.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Konfransında deyib. O bildirib ki, son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları həyata keçirilir: "Bu sahədə normativ hüquqi aktlar qəbul edilərək praktiki addımlar atılıb. Buna baxmayaraq, hüquqi mexanizmlərin təkmilləşdirilməsi vacibdir. Hüquq sistemlərimiz iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli və ən önəmlisi, iqlimə həssas olanların hüquqlarını qorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməlidir". M.Babayev əlavə edib ki, Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir. "Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək aşağı karbonlu inkişafı hədəfləyəcək. Sənədi hazırlayarkən inklüzivlik və insan hüquqlarına xüsusi diqqət yetiririk. Ən həssas qrupların, o cümlədən uşaqlar, qadınlar və yerli əhalinin iqlim siyasətlərimizin mərkəzində olmasını təmin etmək üçün fəal tədbirlər görülür. Bunun üçün müxtəlif maraqlı tərəflər arasında görüşlər və müzakirələr təşkil olunur", - nazir qeyd edib. O, həllini gözləyən ciddi çağırışların mövcudluğunu da diqqətə çatdırıb: "Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə, təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə layihələrin həyata keçirilməsinə çətinlik yaradır".
Facebook-da paylaş