AQTA sədrinin müavini: Biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəli olan vahid konsepsiya hazırlanmalıdır


Kənd təsərrüfatının davamlılığı, qida təhlükəsizliyi və ətraf mühitin, o cümlədən biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəli olan vahid konsepsiya hazırlanmalıdır.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Sədr müavini bildirib ki, Azərbaycanda bioloji təhlükəsizliyin təmin edilməsi üçün qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı sektorlarında riskləri, o cümlədən əlaqəli ekoloji riskləri təhlil edən və idarə edən siyasət və tənzimləyici çərçivələri əhatə edən strateji və inteqrasiya olunmuş yanaşma tətbiq edilməlidir.

Onun sözlərinə görə, burada bitki və heyvanlara zərər verən orqanizmlərin və xəstəliklərin introduksiyasını, geni dəyişdirilmiş orqanizmlərin və onların məhsullarının tətbiqi və təbiətə buraxılması, invaziv-yad növlərin və genotiplərin tətbiqi və idarə edilməsi əhatə olunmalıdır: “Yəni kənd təsərrüfatının davamlılığı, qida təhlükəsizliyi və ətraf mühitin, o cümlədən biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəli olan vahid konsepsiya hazırlanmalıdır”.

Zəkiyyə Mustafayeva xatırladıb ki, əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla 238 adda yüksək toksikliyə malik pestisidlərin təsiredici maddələrinin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib.

“Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu 30 il müddətində həmin torpaqlarda heç bir fitosanitar tədbir həyata keçirmək mümkün olmayıb. Bu da həmin ərazilərdə bir sıra problemlərin yaranmasına səbəb olub. Artıq həmin ərazilərdə fitosanitar tədbirlər həyata keçirilir. Gələcəkdə isə bu istiqamətdə daha geniş işlərin görülməsi məqsədilə Tədbirlər Planı hazırlanıb. Bu Plan işğaldan azad edilmiş Azərbaycan torpaqlarında fitosanitar tədbirlərin daha geniş miqyasda həyata keçirilməsinə imkan verəcək”, - AQTA rəsmisi əlavə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}