Bir sıra qanunlara dəyişiklik layihələri Milli Məclisə təqdim edilib


Həyata keçirilən iqtisadi və qanunvericilik islahatları çərçivəsində bəzi məsələlərlə bağlı Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq edilməsi məqsədilə Milli Məclisə təqdim edilib.

Şəffaflıq.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, müəyyən hədəflərə nail olmaq üçün son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları həyata keçirilir. Onun sözlərinə görə, bu sahədə normativ hüquqi aktlar qəbul edilərək, praktiki addımlar atılıb.

"Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin meyarları haqqında Təlimat, “Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında” Əsasnamə təsdiq olunmuşdur. Hazırda 5 qanun layihəsi - “Atmosfer havasına atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında”, “Qablaşdırma və qablaşdırma tullantılarının dövriyyəsi haqqında”, “Heyvanlarla məsuliyyətli davranış haqqında”, “Ekoloji maarifləndirilmə haqqında”, "Yerin təki haqqında" qanun layihələri, “Azərbaycan Respublikasında meşələrin davamlı inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”razılaşdırılma mərhələsindədir", - o bildirib.

M.Babayevin sözlərinə görə, “Heyvanlar aləmi haqqında”, “Balıqçılıq haqqında”, “Ovçuluq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq olunması məqsədilə Milli Məclisə təqdim edilib.

"Ölkədə bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması və yaşıl enerji texnologiyalarının inkişafı istiqamətində ciddi addımlar atılır. 2030-cu ilə qədər elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq hədəfi müəyyən edilmişdir. Abşeron və digər bölgələrdə günəş və külək stansiyalarının qurulması bu sahədə səylərimizin göstəricisidir. Eyni zamanda, nəqliyyat sektorunda elektromobillərdən istifadə, sənayenin ekoloji təmiz inkişafı, meşələrin bərpası və torpaq deqradasiyasına qarşı tədbirlər iqlim dəyişikliyi ilə mübarizənin əsas istiqamətlərindəndir", - nazir bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}